Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməyə hazırlaşması və ölkəni növbədənkənar seçkilərə aparmağı planlaşdırdığı iddia edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə Paşinyanın sabiq müttəfiqi və deputat Ovik Ağazaryan canlı yayımda çıxış edib.
Ağazaryan xarici siyasətdə baş verən son hadisələrin növbədənkənar seçkilər üçün əlverişli zəmin yaratdığını və bunun hökumətin strateji maraqlarına xidmət edəcəyini iddia edib.
Üstəlik, deputatın fikrincə, Paşinyanın siyasi mövqeyi yeni hüquqlar əldə etmək imkanı da yaradır.
Erməni analitik Akop Karapetyan da Ermənistanda erkən seçki ehtimalını qiymətləndirib.
Karapetyanın sözlərinə görə, Paşinyanın növbədənkənar seçki keçirmək qərarı müxtəlif daxili və xarici amillərdən asılıdır.
Bununla belə, Rusiya Prezidenti Vladimir Putin və hökumətinin Paşinyanın istefasını qəbul etməyəcəyi ilə bağlı neqativ fikirlər də mövcuddur.
Rusiyalı ekspert Sergey Javoronkov isə erkən seçkilərin mümkünlüyünə şübhə ilə yanaşır.
Javoronkovun sözlərinə görə, Ermənistanda müxalifət hazırda hərc-mərclik dövrünü yaşayır və güclü lideri yoxdur.
Hazırkı şəraitdə növbədənkənar seçkilər hakim partiya üçün lazımsız risk ola bilər. Əgər müxalifət xalqı öz ətrafında toplayacaq yeni lider seçə bilməsə, narazı seçicilərin yenidən təsirsiz namizədlərin ətrafında toplanacağı gözlənilir.
Javoronkov həmçinin növbədənkənar seçkilərin adətən böhranlı şəraitdə keçirildiyini bildirib və indi Paşinyan hökuməti tərəfindən belə bir təzyiqin olmadığını qeyd edib.