AZ

Trampın vədləri:  Dünyada sülh olacaq, böyük konfliktlər həll ediləcək

“ABŞ-nin yeni prezidenti Donald Tramp dünyaya sülh gətirəcəyini, böyük konfliktləri həll edəcəyini söylədi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Ekspert bildirib ki, Tramp ilk addım olaraq sonradan çox böyük problemə çevriləcək bir qərar verdi:

"Tramp bundan öncə etdiyi kimi yenidən iqlim dəyişiklikləri barədə Paris razılaşmasından ABŞ-nin çıxdığını bəyan etdi. Bununla da Bakıda COP29-da aparılmış kifayət qədər böyük işə, alınan qərarla da ciddi ziyan vurmuş oldu. Məlumdur ki, iqlim dəyişikliklərindən zərər çəkən dövlətlərə hər il 300 milyard dollar yardım etmək barədə Bakıda çox mühüm qərar qəbul edilmişdi. Bu cür tədbirlər üçün ABŞ əsas donorlardan sayılırdı. İndi ABŞ-nin Paris razılaşmasından çıxması iqlim dəyişikliklərindən zərər çəkən dövlətlərə ediləcək yardımı çox ciddi təhlükə altına qoydu”.

Andiçmə mərasimində Tramp İsrail və HƏMAS arasındakı atəşkəs razılaşmasının eks-prezident Co Baydenin deyil, məhz onun xidməti, əməyi olduğunu xüsusi vurğulayıb. Girovların azad olunmasında oynadığı rolu qabartdı. Məcbur etdi ki, Bayden də ayağa qalxsın və digərləri ilə birlikdə onu alqışlasın.

Siyasi şərhçiyə görə, növbəti addım Ukrayna və Rusiya savaşını bitirmək və sülhü təmin etmək ola bilər:

"Bunun üçün Tramp 6 aylıq zaman müəyyən edib. Hələlik Trampın bu sülhə nail olub-olmayacağı aydın deyil. Çünki Rusiya və Ukrayna rəhbərlərinin sülhə yanaşmasında kəskin fərqlər var. Bu müddətdə sülhə nail olmaq üçün Tramp Rusiyanın tərəfində durub, onun istədiklərini cüzi istisnalarla reallaşdırmalıdır. Əks halda nəinki 6 ayda, bütövlükdə 2025-ci il ərzində sülhə nail olmaq mümkünsüzdür”.

Abutalıb Səmədov: Növbəti addım Ukrayna-Rusiya savaşını bitirmək, sülhü təmin etmək ola bilər

Müsahibimizə görə, çox güman ki, Tramp üçün ən rahat görünən münaqişə Azərbaycan-Ermənistan məsələsidir:

“Ağ Ev rəhbərinin bu məsələdə uğura nail olmaq imkanı var. Tramp müzakirəsi illərdir davam edən sülh sazişinin nəhayət imzalanmasına nail ola bilər. Yəqin ki, bu istiqamətdə ciddi şəkildə çalışacaq”.

“Bütövlükdə Trampın verdiyi bəyanatlar, atdığı və atacağı addımlar, digər dövlətlərə ərazi iddiaları göstərir ki, ABŞ-nin yeni prezidenti güc tətbiqini də istisna etmir. Tramp qlobal miqyasda müəyyən uğurlu addımlar atsa da, bəzi addımların dünya üçün ciddi problem yaradacağı şübhə doğurmur", - deyə Abutalıb Səmədov əlavə edib.

Qeyd edək ki, ABŞ-nin 47-ci prezidenti Donald Tarmp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayıb.

Aydın Baxış

Seçilən
6
50
bakivaxti.az

10Mənbələr