İqbal Ağazadə: “Azərbaycan xaric məsələlərdə oyunçu kimi əhəmiyyətli bir rola sahibdir”
Ümid Partiyasının sədri İqbal Ağazadə “AzPolitika”-ya müsahibəsində regionda cərəyan edən proselərlə bağlı sualları cavablandırıb.
Müsahibəni oxuculara təqdim edirik:
- Gündəmdəki əsas mövzulardan biri ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasıdır. Azərbaycanın Ermənistanla normallaşma prosesi ilə bağlı şərtlərini nəzərə alsaq, bu razılaşma regiondakı proseslərə təsir edə bilərmi?
- Ermənistan ilə ABŞ arasında bağlanan müqavilə ilkin, gələcəyə hesablanmış bir addımdır. Hər şey Ukrayna müharibəsinin nəticələrindən və Rusiyanın postsovet ölkələrinə təsir imkanlarının necə olacağından asılıdır. Amma hər halda niyyətlərini ifadə edirlər, ortaya qoyurlar ki, bax, biz sizinlə də işləmək niyyətindəyik. Cənubi Qafqazda faktiki olaraq Gürcüstan və Azərbaycan ABŞ və Qərb siyasətindən uzaqlaşmış kimi görünür. Azərbaycan hakimiyyəti fərqli siyasət yürütməyə çalışır. Azərbaycan xüsusilə 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildə Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra çalışır ki, qüvvələri balanslaşdırsın. Çünki Azərbaycan hökuməti də, xalqı da, dünya dövlətləri də, ekspertlər də, hər kəs bilirdi ki, bu müharibəni törədən, Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. Rusiya Türkiyə ilə münasibətlər, o cümlədən gələcəkdə Cənubi Qafqazda baş verən hadisələrdə Azərbaycanı itirməmək xatirinə bəlli bir addımlara getdi. Amerika Birləşmiş Ştatlarının da təbii ki, öz planları var idi. Orta dəhliz məsələsində ABŞ-yə görə proqramın gerçəkləşdirilməsi üçün mütləq tərəflərin hüquqi statusları bəlli olmalı idi. Bu ərazilərə hakim olmalı və bu prosesi gerçəkləşdirməli idi. İndi postsovet ölkələrində baş verən hadisələr göstərir ki, Qərb Gürcüstan və Azərbaycanla, qismən də bu gün Ermənistanla bu istiqamətdə əlaqələr qurmağa və Cənubi Qafqazda ən azı özünün yaxın müttəfiqini müəyyənləşdirməyə çalışan bir siyasət ortaya qoyur. Ermənistan bu baxımdan onlar üçün əhəmiyyətlidir.
Ermənistan daxilində vəziyyətin gərgin olmasının, Rusiyanın orada hərbi baza saxlamasının önəmi yoxdur. Sadəcə, Ermənistanda uzun illər xalqın bütün təbəqələrində Azərbaycan torpaqlarına iddia sindromu var idi. İndi o sindrom da məğlub olmuş durumdadır.
Bu gün ABŞ-nin Cənubi Qafqaza gəlməyini bir niyyət adlandırmaq olar. Hər şey yenidən başlayır kimi görünür.
- Amma indi Ermənistanın regionda imkanları çox zəifdir. Habelə, daxili durumu da yaxşı deyil. Ənənəvi ideologiyaya söykənərək mübarizə aparan, Rusiyanı bölgədə saxlamaq istəyən qüvvələr də çox zəifdir, son 6 ildə heç bir uğur qazana bilməyiblər…
- Rusiya bu istiqamətdə Ermənistan üçün bütün qapıları bağlamadı. Rusiyanın da başqa yolu qalmayıb, bütün yerlərdən sıxışdırılıb, artıq keçmiş sovet regionuna sığınıb.
- Rusiyanın yaxın gələcəkdə güclənmə ehtimalı varmı?
- Hər halda, 30 faizə qədər ehtimal var. Çünki dünyanın proseslərə münasibəti adekvat deyil. İndiyədək universal dəyərlər sistemindən dünyaya baxış vardı. 2028-ci ilə qədər yeni baxışları formalaşdırmaq çox çətin olacaq. İndi məsələyə milli maraqlar kontekstindən baxırlar. Bu kontekstdə isə bəzən Rusiya ilə münasibətlər çox rahat qəbul olunur. Hələlik Rusiyaya qarşı sərt addımlar atılacağına ümid çox azdır. Rusiya isə bundan istifadə edəcək.
- Ermənistanın Qərbə meyl etməsi müşahidə olunur. Bəs Rusiyanın bu məsələdə Ermənistandakı qırmızı xətləri haradan keçir?
- Rusiyanın qırmızı xətləri ümumilikdə postsovet ölkələrindən keçir. Orada “tək Ermənistanda Moskvanın qırmızı xətti var” deyə bir şey yoxdur. Rusiyanın Ermənistana təsir imkanları olduqca böyükdür. Türkiyə ilə sərhədlər açılmayıb, qardaş ölkə ilə Rusiyanın münasibətləri aşağı-yuxarı tənzimlənən münasibətlər sisteminə aiddir. Habelə, Rusiyanın iErmənistana iqtisadi və sosial cəhətdən təsir imkanları olduqca böyükdür. Bu gün erməni məhsullarının böyük əksəriyyəti Rusiya bazarlarındadır. İqtisadi və investisiya qoyuluşu cəhətdən də belədir. Rusiya Ermənistan bazarında birincidir. Heç bir ölkə orada Rusiya ilə rəqabət apara bilmir. Məsələn, Azərbaycanda belə deyil. Azərbaycanın idxal və ixrac siyasətində Rusiya dördüncü, beşinci yerləri bölüşdürür. Ermənistanda isə birincidir. Rusiya investisiya qoyuluşunda Azərbaycanda ilk onluqdadır, Ermənistanda isə yenə birincidir. Rusiya üçün əslində Ermənistanı istənilən vaxt zəbt etmək imkanları var. Buna görə də Moskva İrəvandan o qədər də narahat deyil. Onun üçün postsovet ölkələrindəki ümumi vəziyyət, xüsusilə Moldova, Gürcüstan bu gün daha cəlbedicidir. O cümlədən də Orta Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Çin, Türkiyə və türk dünyası münasibətləri içərisində onu narahat edən məqamlar daha çoxdur, nəinki Ermənistanda. Çünki Ermənistan onun ovucunun içindədir. Həm də Azərbaycandan, Gürcüstandan fərqli olaraq orada hərbi bazası var. Hərbi müdaxilə üçün Rusiyaya mane ola biləcək bir güc isə yoxdur. Ukraynada bu prosesi dayandıra bilmədilər. Ona görə də Ermənistanda daxildə vəziyyət nə qədər Rusiya əleyhinə olsa belə, zaman keçdikcə Rusiya qapıları bir qədər sıxıb, iqtisadi, sosial sistemdə problemlər yaradacaq.
- Dediyiniz real təzyiqlər nə zaman işə düşə bilər? Yanvardan bəri Ermənistan hakimiyyəti iki addım atıb - Avropa İttifaqına üzvlük müraciətini rəsmiləşdirib və ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin bəndlərinə görə ABŞ Ermənistana daxil olur, sərhəd təhlükəsizliyi məsələlərinə müdaxilə edir. Hətta, Ermənistanın enerji təminatında rol almaq, ROSATOM-un monopoliyasını bölmək istəyir. Başqa komponentlər də var. Sizcə, Rusiya nə vaxt hərəkət edəcək?
- Rusiyanın hərəkətə keçməsi Qərblə danışıqların hansı mərhələdə olacağından asılıdır. Amerika ilə hansı münasibətlər sistemi olacaq? Ukrayna-Rusiya münasibətinə və müharibəsinə ABŞ-nin yeni administrasiyasının reaksiyası necə olacaq? Gürcüstana münasibətdə hansı mövqe tutacaqlar? Avropa Birliyi- ABŞ münasibətləri yeni mərhələdə kimin xeyrinə olacaq? Məsələn, Tramp istəyir ki, əgər gərginlik olarsa, Rusiyaya yaxın dövlətlərin hamısını Moskva ilə münasibətlər sistemində ön cərgəyə qoysun, özü isə onların arxasında olsun. Avropa həmişə bundan qaçıb. Amma indi artıq Avropanı buna məcbur edən bir siyasət olacaq. Bütün bunlardan sonra Rusiya hərəkətə keçmə mexanizmlərinin formalarını və zamanını müəyyən edəcək. Ona görə də hələ Rusiya da səbr edir. Çünki yeni dünya düzənində Trampın ata biləcəyi addımlar nə olacaq, onu gözləyir.
- Yəni belə demək mümkündürsə, hələ azı altı ay Ermənistanın zamanı var ki, Rusiya ilə indiki münasibətləri davam etdirsin.
- Bəli, bu qədər zamanı var.
- Trampın hakimiyyətə gəlişilə ABŞ-nin bütün regionlarda xarici siyasətində dəyişiklik gözlənilir. Azərbaycana qarşı ayrı-seçkilik siyasəti dəyişəcəkmi. Əgər dəyişməzsı, Azərbaycanın xarici siyasəti necə olacaq?
- Onu qeyd edim ki, Azərbaycan Prezidenti yeni çıxışında bir məqamı xüsusi qeyd etdi ki, biz yanvar ayının sonlarından Azərbaycana qarşı ikili siyasətin yürüdülməyəcəyinə və böhtanların, şər kampaniyalarının dayandırılacağına ümid edirik. Açıq görünən budur ki, yeni Tramp administrasiyasının Avropaya münasibətdə, bura Azərbaycanı da daxil edirəm, köhnə siyasətini dəyişəcəyi gözlənilir. Azərbaycan tərəfi də buna ümid edir. Dəyişməyəcəyi təqdirdə nə olacaq? Qərbin və Amerika Birləşmiş Ştatlarının Rusiyaya münasibəti bizim yürüdə biləcəyimiz siyasətin göstəricisi olacaq.
- Xarici İşlər naziri Ceyhun Bayramov bu günlərdə demişdi ki, USAİD-in bağlanma ehtimalı var. Bu, sanki Tramp hökumətinə bir siqnal idi…
- Görünür, müsbət, impulsiv mesajlar alınmır və proses davam edir. Adətən, bu tipli proseslərdə masa arxasına gəlmək üçün nə edirlər? Qarşı tərəf hansı addımlar atırsa, sən də yeni addımlar atırsan ki, tərəflər ən azı danışıqlar masasına əyləşsin. Amma yenə deyirəm, bu, təkcə bizdən və ya bizim yanaşmamızdan asılı olmayacaq. Rusiya sıxılacaqsa, bu baş verəcək. Rusiyaya qarşı regiondan bütövlükdə sıxışdırılma ilə bağlı bir xətt yürüdüləcəksə, Azərbaycan Rusiyanın yanında istəsə belə dayana bilməyəcək. Çünki bundan böyük ziyan görə bilər. Ona görə də Azərbaycan Rusiya ilə müttəfiq olmağı qəbul etməyəcək və o, Avropa ilə və yaxud dünya ilə dil tapmağa çalışacaq.
Azərbaycanın indi əlində manevr üçün kifayət qədər variantlar var. Birincisi, Azərbaycanın imkanları Türkiyə ilə bağlıdır. Türkiyə bu istiqamətdə həm Suriyada, həm Rusiya ətrafında baş verən proseslərdə Amerika Birləşmiş Ştatları ilə dil tapa biləcək imkandadır. Həm də keçən il bağlanılan strateji müttəfiqlik sazişində (Türkiyə və ABŞ arasında Vaşinqtonda imzalanmış müqaviləni nəzərdə tutur – red.) də bunun parametrlərini bu və ya digər şəkildə göstərmişdilər. Baxmayaraq ki, onların strateji müttəfiqliyi haqqında bir müqavilə imzalamağa da ehtiyacları yox idi, çünki bunlar NATO-nun üzvüdürlər. Amma bu müqavilə bağlandısa, demək bir şeylərə ehtiyac var. İkincisi, Azərbaycan öz şərtlərini bəlli edib. Ermənistanla sülh sazişinin artıq 90 faizi razılaşdırılıb. Azərbaycan bunu dünən də imzalaya bilərdi, bu gün də imzalaya bilər. Amma Azərbaycan buna həm də Qərbin istədiyi dönəmdə masada əyləşib bir jest olaraq imza ata bilər.