AZ

Motta “Brügge” ilə qolsuz heç-heçəni şərh etdi

“Yuventus”un baş məşqçisi Tyaqo Motta Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Brügge” ilə səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, “Yuventus” “Brügge”nin müqavimətini qıra bilməyib, oyun “quru” hesabla başa çatıb – 0:0.

Matçdan sonra baş tutan mətbuat konfransında Motta bunları söyləyib:

“Bura gəlmiş hər kəs bilir ki, çətinliklər ola bilər. Onlar çox yaxşı müdafiə olundular, biz isə az vəziyyət yaratdıq. Düşünürəm ki, əlbəttə, biz daha yaxşı oynaya bilərdik. Biz bura gəlmiş və məğlub olmuş digər komandaların başına gəldiyi kimi, əks-hücumları buraxmaqdan qorxurduq”, – “Juvenews.eu” dərgisi braziliyaəsilli italiyalı mütəxəssisdən sitat gətirir.

Əlavə edək ki, oyun o qədər bərbad keçib ki, çərçivəyə bircə zərbə vurulub – “byankoneri”nin yeganə cəhdi məntiqi yekununu tapmayıb. Qapı istiqamətinə isə “Brügge” 7, “Yuventus” 5 zərbə endirib.

7 oyunda 12 xal toplamış “Yuventus” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Brügge” isə 11 xalla 17-ci yerdədir.

Seçilən
24
8
arena.az

6Mənbələr