AZ

Tramp Azərbaycan və Ermənistana axtardıqları sülh müqaviləsini tamamlamaqda kömək edəcək – söhbətində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza

Prezident Donald Tramp Cənubi Qafqazda erməni diasporunun təsirindən asılı olmayan siyasət yürüdəcək və seçki proqramına uyğun olaraq sülhməramlı mövqe seçməyə üstünlük verəcək.

Editor.az bildirir ki, bu barədə “Vestnik Kavkaza”nın müxbiri ilə söhbətində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Vaşinqtonun regionda xarici siyasət kursunun perspektivləri barədə danışarkən deyib. O, ilk növbədə, Cənubi Qafqazın Donald Trampın maraqlarının mərkəzində olmadığına diqqət çəkib. “Prezident Tramp seçki kampaniyası zamanı Cənubi Qafqazla bağlı heç nə deməyib. Ona görə də hazırda Tramp administrasiyasının regiondakı maraqları və siyasətinin xüsusiyyətləri barədə danışmaq çətindir”, – amerikalı diplomat bildirib.
Buna baxmayaraq, çox güman ki, Tramp Ukrayna münaqişəsinə və Qəzza zolağındakı müharibəyə tətbiq etdiyi yanaşmanı Ermənistan-Azərbaycan nizamlanmasına da tətbiq edəcək: onun komandası sabit sülhün mümkün qədər tez əldə olunmasına kömək edəcək. “Mən güman edirəm ki, prezident Tramp ABŞ-ın Cənubi Qafqazda siyasəti ilə bağlı sual yarananda Azərbaycan və Ermənistana axtardıqları sülh müqaviləsini tamamlamaqda kömək etmək yoluna üstünlük verəcək. Məsələ ondadır ki, Tramp xarici siyasətdə sülhməramlı rolu oynamaq niyyətindədir”, – Metyu Brayza izah edib.

ABŞ-ın Bakıdakı keçmiş səfiri əlavə edib ki, Co Bayden dövründə Vaşinqtonun regional siyasətini xeyli təhrif edən Amerika elitasındakı erməni diasporunun lobbiçiləri Trampa bu yolda mane olmayacaq. “Düşünmürəm ki, Tramp hansısa diasporun rəyindən narahat olacaq. Bu, onun xarakterindən və bu, onun sonuncu prezidentlik müddətində olması ilə bağlıdır, ona görə də o, növbəti seçkilərdən narahat olmadan ölkəni idarə edə bilər”, – deyə o, yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
50
editor.az

10Mənbələr