Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb.
Sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.
İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyev EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirilən görüş çərçivəsində baş tutub.
EBRD Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayırıb. Layihənin ümumi dəyəri 410 milyon avro təşkil edir. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.