Avropa ölkələri bir çox daxili çətinliklərlə üzləşsə də, indi onların əsas diqqəti Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə yürüdəcəyi siyasətdir. Trampın ilk müddəti Avropa üçün asan olmayıb. Çoxları onun yeni dövrünün daha pis ola biləcəyindən qorxur. Özü də bunlar Avropa ölkələrinin indi çoxsaylı daxili çətinliklərlə üzləşdiyi bir dönəmdə baş verir.
Hazırda Fransa və Almaniya siyasi, iqtisadi problemlər içərisindədir, Avropa ittifaqı bütövlükdə rəqabət qabiliyyətinə görə Çin və ABŞ-dan geri qalır, Böyük Britaniyada dövlət xidmətləri acınacaqlı vəziyyətdədir. Tramp isə əmindir ki, Avropa illərdir Amerikanın gücündən öz xeyrinə istifadə edir və dayanmağın vaxtı çatıb. Tramp Çin və Rusiya kimi strateji təhlükələr hesab etdiyi ölkələrə qəzəblənməkdənsə, Avropa və Kanadadakı müttəfiqlərini açıq şəkildə tənqid etməyi seçib. Bu da Avropanı daha böyük qorxuya salıb. Təsadüfi deyil ki, Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə Avropa ölkələrində, xüsusilə də Emmanuel Makron hökumətində narahatlıqlar dərhal özünü büruzə verib. Bu qayıdış qlobal geosiyasi tarazlığa, çoxtərəfliliyə və qlobal çağırışlarla mübarizəyə təhlükə kimi qiymətləndirilir. Fransa Avropa prioritetlərinə daha çox uyğun gələn Bayden administrasiyası ilə əməkdaşlıq etməyə vərdiş etsə də, Amerikanın bu dönüşü liderləri qeyri-müəyyənlik dövrünə sürükləyib. Baş nazir Fransua Bayru başda olmaqla siyasətçilər həyəcan təbili çalmaqda geciksələr də, Fransa belə demək olarsa, siyasi köpüyün içində batıb. Fransanın nüfuzu, səsi sözsüz ki, əvvəlki kimi deyil. Makron Ağ Evdə Trampın andiçmə mərasimi zamanı ölkəsində Silahlı Qüvvələrə “Yeni il” təbrik çıxışında artıq müdafiə proqramı tətbiq etməyin vaxtı çatdığını deyib. Makron çxışında pərdəarxası məqsədlərini xüsusilə də, pensiya islahatlarını saxlamaq üçün fəallığını davam etdirib. O, Yeni ildə xalqa müraciətində qeyd etdiyi kimi yenidən referendumla məsələni həll etmək imkanını düşünür. Baş nazir Fransua Bayru isə qeyd edir: “Birləşmiş Ştatlar inanılmaz dərəcədə güclü siyasət yürütmək qərarına gəlib. Heç nə etməsək, taleyimiz çox asan sıxışdırılacaq, əziləcək, marginallaşacaqdır. Bu, bizim, fransızların və avropalıların qəbul etməli olduğu bir qərardır". O bildirib ki, vəziyyətlə bağlı Fransanın verəcəyi cavab məlumdur - birlik və stabillik.
Fransa siyasi həyatının 2024-cü il iyun ayında dağılmasından sonra ölkənin son onilliklərin ən təlatümlü vaxtını yaşadığı vaxtda o, daxili və xarici həssaslığa və birlikdə işləməyə çağırıb. Fransanın sabiq prezidenti, Milli Assambleyanın deputatı Fransua Olland, eləcə də bir çox siyasətçilər Avropanı ABŞ-la güc balansı yaratmağa çağırıblar. Fransa ABŞ-ın siyasət seçimlərinin gətirdiyi qeyri-stabilliyə qarşı Almaniya və digər Aİ üzvləri ilə ittifaqlarını gücləndirməyə çalışır. Eyni zamanda, Paris diplomatik güzəştlərə baxmayaraq, Çin və Hindistan kimi güclərlə daha sıx tərəfdaşlığı təşviq edir. Amma istənilən halda Donald Trampın 2025-ci ildə hakimiyyətə gəlməsi Emmanuel Makron və hökuməti tərəfindən qeyri-sabitlik və transatlantik münasibətlərin zəifləməsi siqnalı kimi qəbul edilib. Bu fonda Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı “oyanmağa” və Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb: “Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?”. Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi “sabah və ya ertəsi gün” bitməyəcək: “Gəlin özümüzü aldatmayaq”.
Fransa prezidenti Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırıb: “Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz”. Amma seçkilərdə parlamentdəki çoxluğu əldən verməsindən sonra yaranan siyasi böhran Makronun ölkə daxilindəki mövqeyini zəiflədib. Onun qatı tənqidçisi və mümkün xələfi Marin Le Pensə məhz Trampın ölçülərinə uyğun gələn siyasətçidir. Parisdəki Siyasi Elmlər İnstitutunun müəllimi Olivye Kosta qeyd edir: “Tramp Bayden tərəfindən məğlub edilməsinə sevinən hər kəsə qarşı çox qəzəblidir. Düşünürəm ki, o, onların hamısına bunun əvəzini ödətmək istəyir. Fon der Lyayen, Şolts, Makron və bütün digərlərinə. Bir az filmlərdəki kimi, “Tramp 2 qayıdıb”. İndi Makron vəziyyəti öz lehinə dəyişməyə çalışsa da, ABŞ lideri tərəfindən rədd edilir. Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu da ölkəsi üçün vəziyyətin yaxşı olmadığını vurğulayır: “Avropa paytaxtları üçün, açıq desək, bu, ciddi zərbədir, çünki onilliklər ərzində, o cümlədən “Soyuq Müharibə”nin başlanğıcında, 1960-cı illərdə Amerika nüvə çətiri altında oturmaq hər zaman şirnikləndirici olub”. O, həmçinin Avropanın ABŞ-la ticarət əlaqələri naminə öz muxtariyyətini qurban verərək Amerika silahlarının alışını artırmasından ehtiyat etdiyini bildirib. Fransa parlamentinin üzvü Kristof Blanşe isə vurğulayır ki, Donald Trampın hakimiyyətə gəlişi Avropa İttifaqı üçün enerji sektoru, xüsusən də qiymətlərlə bağlı problemlərlə doludur: “Prezident Trampın seçilməsi qlobal enerji geosiyasətinin konfiqurasiyasını dəyişə bilər: o, ABŞ-ın nüvə sənayesini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, mayeləşdirilmiş təbii qazın ixrac imkanlarını artırmaq istədiyini açıqlayıb. Ağ Ev bu yaxınlarda ABŞ-ın nüvə potensialını 2050-ci ilə qədər üç dəfə artırmaq planını açıqladı. Bundan əlavə, Donald Tramp seçki kampaniyası zamanı Fransanın nüvə sektoruna qarşı sanksiyalar tətbiq etmək üçün eksterritorial tədbirləri açıqlayıb”.
Tahir TAĞIYEV