"Rusiya ABŞ-la bərabərhüquqlu dialoqa hazırdır və Vaşinqtondan siqnallar gözləyir”
Rusiya ABŞ Prezidenti Donald Trampla danışıqlara hazır olduğunu bildirib.
Bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov danışıb.
"Rusiya ABŞ-la bərabərhüquqlu dialoqa hazırdır və Vaşinqtondan siqnallar gözləyir. Biz əlbəttə ki, bütün bəyanatları, ritorikanı çox diqqətlə izləyirik. Bütün nüansları diqqətlə qeyd edirik, dialoqa hazırıq, Prezident Putin bu barədə dəfələrlə danışıb. Bərabər, qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırıq. Bu dialoq Trampın birinci Prezidentliyi dövründə iki Prezident arasında olub və biz qarşı tərəfdən işarə gözləyirik. Hələ ki, heç bir işarə verilməyib”, – Peskov deyib.
ABŞ-nin yeni Prezidenti Donald Tramp andiçmə mərasimindən sonra, yanvarın 20-də jurnalistlərə deyib ki, Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymaq üçün danışıqlar aparmalıdır.
Trampın fikrincə, Putin razılaşmanı qəbul etməməklə Rusiyanı məhv edir.
"O, müqavilə bağlamalıdır. Hesab edirəm ki, o, razılaşmanı qəbul etməməklə Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq. Çoxları bu müharibənin bir həftəyə bitəcəyini düşünürdü. Onun bu müharibəni bitirməsi yaxşı olardı”, – Tramp deyib.
Donald Tramp əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ona müharibəni bitirmək üçün sülh razılaşması əldə etmək istədiyini deyib.
Seçki kampaniyası zamanı Tramp dəfələrlə ABŞ Prezidenti vəzifəsinə başlayandan 24 saat ərzində Rusiya-Ukrayna müharibəsini sonlandıracağını bildirib. O, həmçinin deyirdi ki, Cozef Baydenin yerində olsaydı, müharibə heç vaxt başlamazdı.
Prezident Vladimir Putin yanvarın 20-də bildirib ki, Trampın Rusiya ilə birbaşa əlaqələri bərpa etmək və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək istəyini alqışlayır.
ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də "TruthSocial” sosial şəbəkəsindəki paylaşımında Rusiyanı Ukrayna ilə tez bir zamanda sülh razılaşması əldə etmədiyi təqdirdə yüksək vergi, rüsum və sanksiyalarla hədələyib. Rusiya-Ukrayna müharibəsinə dərhal son qoymağa çağıran Tramp yazıb ki, o, Prezident Putinə və iqtisadiyyatı çökməkdə olan Rusiyaya çox böyük yaxşılıq etmək niyyətindədir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.