Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Azərbaycan Prezidentinin bu forumda iştirakına xüsusi önəm verilməsi də bizim üçün əhəmiyyətli təzahürdür. Demək olar ki, hər il Azərbaycan prezidenti iştirak edir. Burada dünyanın siyasi və iqtisadi elitasını təmsil edən tanınmış şəxslərlə maraqlı görüşlər keçirilir. Bu görüşlər Azərbaycanın müasir dünyada təhlükəsizlik, enerji təminatı, rəqəmsal texnologiyalar və rəqəmsal sənayenin inkişaf etdirilməsi baxımından Azərbaycanın mövqeyini nümayiş etdirilməsi üçün əhəmiyyətlidir. Eyni zamanda, göstərilən istiqamətlərdə, xüsusilə də sərmayələr, ticarət, rəqəmsal texnologiyaların tətbiqi, yaşıl enerjinin istehsalı və s. mövzularda Azərbaycana beynəlxalq diqqətin artırılması baxımından əhəmiyyətlidir. Davos İqtisadi Forumu unutmayaq ki, soyuq müharibənin ən qızğın vaxtlarında təşəkkül tapıb. Bu gün dünya dövlətlərinin arasında qütblərin arasında, xüsusilə də münasibətlərin pərakəndə forma aldığı dövrdə Davos İqtisadi Forumunun önəmi o qədər də qabarıq görsənməyə bilər. Yəni bu gün Avropa özünü ayrıca bir strateji mərkəz kimi görür, Amerika ayrı, Rusiya ayrı, Çin ayrı, yəni bu gün dünyada çoxqütblü dünya düzəninin formalaşmasına doğru prosesin əlamətləri daha qabarıqdır. Amma vaxtilə dünyada yalnız iki qütb - SSRİ və Qərb dünyası olanda Davos iqtisadi platforması həm də bir strateji platforma kimi nəzərdən keçirilirdi. Unutmayaq ki, Davos İqtisadi Forumu ötən əsrin 70-ci illərində yarananda onun gizli missiyalarından biri sovet imperiyasının iqtisadiyyatının əsaslarını çökdürən müəyyən tezislərin işlənib hazırlanmasından ibarət idi. Amma bu gün Davos İqtisadi Forumu nəyisə dağıtmaq, nəyisə parçalamaq yox, daha çox dünyanın başının üstünü almış iqtisadi, siyasi, sosial xarakterli təhlükələrin neytrallaşdırılması yollarının axtarışına yönəlib. Bu mənada həm Davos Forumunun özü əhəmiyyətlidir, həm də Azərbaycan Prezidentinin bu forumda iştirakının təmin olunması, arzuolunan sayılması bizim üçün əlamətdardır".