Avropa İttifaqı 3 ilə yaxındır Rusiyaya qarşı müdafiə müharibəsi aparan Ukraynaya 2025-ci ildə 35 milyard avro dəyərində maliyyə yardımı edəcək.
Herbiand.az xəbər verir ki, bu barədə çərşənbə günü, yanvarın 22-də axşam saatlarında X sosial şəbəkəsində Avropa Komissiyasının vitse-prezidenti, ticarət üzrə Avropa komissarı Valdis Dombrovskis məlumat verib.
Dombrovskis Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna baş nazirinin birinci müavini Yuliya Svırıdenko ilə görüşüb. "Biz genişlənmə məsələlərini və Aİ-nin vahid bazarına doğru addımları müzakirə etdik", - Aİ komissarı bildirib.
Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Avropa İttifaqı Ukrayna Mexanizmi çərçivəsində 16,6 milyard avro maliyyə yardımı göstərərək Ukraynaya ən böyük donor olub.