Vüqar Bayramov: “Azərbaycan enerji təhlükəsizliyi məsələsi ilə bağlı Amerika ilə əməkdaşlıq etməkdə maraqlıdır”
Məlum olduğu kimi, Donald Tramp ABŞ-nin yeni prezidenti seçildi. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donald Trampa məktub göndərib. Məktubda, o cümlədən deyilir:
“ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim”.
Maraqlıdır, Trampın birinci prezidentliyi dövründə Azərbaycanın enerji siyasətinə dəstəyini xarekterizə edən hansı faktlar, hadisələr var?
“Trampın birinci prezidentliyi dövründə biz Amerika adminstrasiyası tərəfindən Azərbaycan tərəfinə həyata keçirilən enerji siyasətinin dəstəyini müşahidə etmişik”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlığın qurulmasında maraqlı ölkədir: “Ölkə başçısı İlham Əliyevdə yeni dövrdə strateji əməkdaşlığın qurulmasını dəstəklədini bildirib. Onu da deyim ki, strateji əməkdaşlıq enerji sahəsində özünü daha çox ehtiva edir. Məlumat üçün deyim ki, Trampın birinci prezidentliyi dövründə biz Amerika adminstrasiyası tərəfindən Azərbaycan tərəfinə həyata keçirilən enerji siyasətinin dəstəyini müşahidə etmişik. Məsələn, Cənub Qaz Dəhlizinin reallaşmasının Azərbaycanın və bölgənin enerji təhlükəsizliyinin artmasında rolu olub. Eyni zamanda, ABŞ-ln regional mütəffiqləri enerji təhlükəsizliyi sahəsində ölkəmizə dəstək olub”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsi ilə bağlı Amerika ilə əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycan həm enerji keçidi, həm də enerji təhlükəsizliyini intensiv şəkildə reallaşdıran ölkələrdən biridir. Bu istiqamətdə də ölkəmizə dəstək olur: “Artıq Trampın ikinci prezidentliyi dövründə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu istiqamətində əməkdaşlıq daha da güclənəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın regional təhlükəsizliyə və xüsusən də enerji təhlükəsizliyinə töhfəsi inkişaf etmiş ölkələr tərəfindən xüsusi qiymətləndirilir. ABŞ və Azərbaycan 30 illik diplomatik münasibətlər dövründə bir çox sahələrdə güclü tərəfdaş olub və ABŞ bu gün də Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Bu gün enerji təhlükəsizliyinin təmin edilməsində şaxələndirmə əhəmiyyətlidir”.
Günel CƏLİLOVA