AZ

Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

Image

Abutalıb Səmədov: “Antiterror əməliyyatı ərəfəsində Dövlət Departamentinin nümayəndəsi açıq şəkildə dedi ki...”

Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib. 

Dövlət başçısı bildirib ki, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

“Bayden administrasiyası 907-ci düzəlişin bərpasına qərar verdi və Azərbaycana hərbi yardımların edilməsini dayandırdı”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, Baydenin 2020-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanması əvvəlcədən bizi narahat edirdi: “Çünki Bayden uzun illər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Eyni zamanda, erməni lobbisinin ən aktiv üzvlərindən biri idi. O baxımdan gözlənilirdi ki, o, prezident seçildikdən sonra bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Ancaq ədalət naminə deməliyik ki, ilk dövrlər anti-Azərbaycan bəyanatları versə də, ölkəmizi 44 günlük müharibəni başlamaqda günahlandırsa da müsbət xidmətlər də göstərdi. 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sülh danışıqlarına aktiv şəkildə qoşulan Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sallivan bu istiqamətdə müəyyən işlər gördü. Sonradan Dövlət Departamenti də bu prosesə qoşuldu. Son nəticədə Vaşinqton variantı deyilən bir sənəd ortaya çıxdı. Bu danışıqların nəticəsi kimi Praqada Azərbaycan üçün çox mühüm bir sənəd imzalandı. Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul elədi. Burda, təbii ki, ABŞ-ın rolu danılmazdır. Lakin çox təəssüf ki, sonrakı dövrdə Birləşmiş Ştatlar prezidentinin və administrasiyasının mövqeyi kəskin şəkildə dəyişildi. Ermənistan 2023-cü ildən başlayaraq açıq anti-Rusiya mövqeyinə keçdi. Görünür bu, ABŞ-ı daha çox qane etdiyinə görə, birmənalı şəkildə ermənipərəst mövqe tutuldu. Artıq bu vaxta qədər ABŞ-ın nümayiş etdirdiyi bitərəflikdən əsər-əlamət qalmadı. Bunun nəticəsində ABŞ tədricən sülh danışıqlarından kənarlaşdırıldı. Bakı Vaşinqtonun təkliflərini qəbul etmədi, ABŞ-ın təşkil etdiyi görüşlərdə iştirak etmədi. Məlumdur ki, 2023-cü ilin aprelində Laçın dəhlizinin nəzarətə götürülməsindən sonra Bayden administrasiyası dəfələrlə tələb etdi ki, bu proses dayandırılsın. Ermənistanın sərhəddə keçirdiyi şoularda ABŞ səfiri aktiv şəkildə iştirak etdi. 19-20 sentyabrda Qarabağda keçirilən antiterror əməliyyatı ərəfəsində Dövlət Departamentinin nümayəndəsi açıq şəkildə dedi ki, ABŞ “Qarabağ xalqına” qarşı zor tətbiq edilməsinə imkan verməyəcək. Yəni orada yerləşən 10-15 min Ermənistan hərbçisinin tərkisilah edilməsinə və Azərbaycan ərazisindən çıxarılmasına imkan verilməyəcək. Sonradan ABŞ-ın təşəbbüsü ilə Türkiyədə də görüş təşkil olundu və antiterror əməliyyatının qarşısının alınması üçün növbəti cəhd göstərildi. Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının iclaslarında ABŞ Azərbaycana qarşı mövqe sərgilədi. Bütün bunlar, təbii ki, iki ölkə münasibətlərini son dərəcə kəskinləşdirdi. Son addım kimi, Bayden administrasiyası 907-ci düzəlişin bərpasına qərar verdi və Azərbaycana hərbi yardımların edilməsini dayandırdı. Nəticədə Bakı-Vaşinqton münasibətləri son illərin ən aşağı səviyyəsinə qədər düşdü. Prezident İlham Əliyev ABŞ-da prezident seçkiləri ərəfəsində açıq şəkildə Trampın qələbəsinin dünya üçün daha məqbul olacağını dedi. Onu da dedi ki, Tramp hakimiyyəti dövründə dünyada bu qədər gərginlik, müharibə yox idi. Son nəticədə Tramp qalib gəldi. 907-ci düzəlişin fəaliyyətini Tramp dayandıra bilər. Ümid var ki, Tramp yaxın aylarda bu addımı atsın. Bütövlükdə, Trampın görəcəyi əsas iş Azərbaycan-Ermənistan sülh sazişinə nail olmaqdır. Çünki ona da nəticə lazımdır. Ona görə ki, çoxlu vədlər verib. Digər məsələlərdən fərqli olaraq, Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olmaq Tramp üçün çətin olmayacaq”.

Vidadi ORDAHALLI





Seçilən
13
39
baki-xeber.com

10Mənbələr