AZ

Ekspert: “Trampın hakimiyyəti dövründə əlaqələrin inkişafı üçün mühüm potensial var” – ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev, Davosda ABŞ Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşü zamanı, Bayden-Blinken administrasiyasının Azərbaycana qarşı qərəzli siyasət apardığını qeyd edib. Prezident bildirib ki, bu siyasət iki ölkə arasında əlaqələri böhran həddinə çatdırıb. 907-ci düzəlişin yenidən bərpasını isə ABŞ rəhbərliyinin  Azərbaycana qarşı nankorluğunun bariz göstəricisi kimi qiymətləndirib.

Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi ekspert Zeynal Əmrəliyev qeyd edib ki, Co Baydenin dörd illik hakimiyyəti dövründə ABŞ-nin Azərbaycana qarşı münasibətində çox mənfi tendensiyalar müşahidə olundu. 

"Xüsusilə də ABŞ-nin əvvəlki dövrlərdə formalaşmış Cənubi Qafqaz siyasəti tamamilə dəyişdirildi, çox ermənipərəst siyasəti həyata keçirilirdi. Burada ABŞ-nin dövlət katibi Entoni Blinkenin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Məhz dövlət departamenti bu işdə xüsusi fəallıq göstərirdi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycana qarşı qərəzli məktublar ABŞ Dövlət Departamentində hazırlanır. Bu da çox təhlükəli məsələlərdən xəbər verir və ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin illər ərzində itirilməsinə səbəb oldu. Bu dörd il ərzində ABŞ-nin Azərbaycanla münasibətləri itirilmiş illər kimi yadda qaldı. Güman etmək olar ki, Donald Tramp hakimiyyəti dövründə bu əlaqələrin inkişafı üçün səylər göstərsin. Trampın 2016-2020-ci illərdəki hakimiyyəti dövründə Azərbaycanla əlaqələrin inkişafında çox mühüm addımlar atılıb. Hazırkı vəziyyətdə də əlaqələrin inkişafı üçün mühüm potensial var, əlaqələr sürətli şəkildə inkişaf etdirilə bilər. 907-ci düzəlişin yenidən bərpası isə dövlət başçısının da qeyd etdiyi kimi, ABŞ rəhbərliyinin Azərbaycana qarşı nankorluğunun göstəricisi idi. 907-ci düzəlişin əsas müəlliflərindən biri də yenicə vəzifəsini tərk etmiş Co Bayden idi. Bu düzəliş həmin zaman da ABŞ Konqresində erməni diasporuna xidmət edən, onun qulluğunda duran şəxslərin olduğunu göstərdi və tamamilə ədalətsiz bir sənəd idi. Bu sənədin yenidən bərpası da Baydenin əsl simasını nümayiş etdirmiş oldu. Təəssüflər olsun ki, məhz Co Bayden administrasiyasının əməllərinə görə  Azərbaycan-ABŞ münasibətləri çox da yüksək səviyyədə deyil və hal-hazırda iki dövlətin arasında soyuqluq ab-havası var. İndi əlaqələrin inkişafı üçün çox gözəl şans yaranıb və düşünürəm ki, Tramp komandası dövründə əlaqələr sürətli şəkildə inkişaf edəcək və heç olmasa əvvəlki mövqeyinə qayıdacaq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
50
olaylar.az

10Mənbələr