Bu fikirləri Paşinyanın səsləndirdiyi "əsl Ermənistan konsepsiyası" ifadəsini Olaylar.az-a şərh edən siyasi ekspert Elçin Xalidbəyli deyib:
"O ki qaldı "əsl Ermənistan konsepsiyası"na, Paşinyan hakimiyyəti başda baş nazir Nikol Paşinyan olmaqla çox dəqiqliklə anlayır ki, əvvəlki siyasi-ideoloji düşüncə tərzi ilə Ermənistanın mövcudluğunu qorumaq mümkün olmayacaq. Ermənistan kiçik dövlət olsa da, erməni toplumu siyasi-ideoloji baxımdan başqalarının ərazilərini işğal edib "Böyük Ermənistan" qurmaq xülyası ilə yaşayır. Bu da çox təhlükəli siyasi-ideoloji düşüncə tərzidir, çünki belə hədəfləri olan toplumun düşmənləri də çox olur. Təbii ki, ərazilərinə göz dikdikləri ölkələr Ermənistana münasibətdə daha sərt mövqe tutmaq məcburiyyətində qalır. Bu da Ermənistanı qonşu ölkələrin hədəfinə çevirə biləcək təhlükəli məsələdir. Paşinyan hakimiyyəti ona görə də "real Ermənistan konsepsiyasını" ortaya atmağa, Ermənistan cəmiyyətinə qəbul etdirməyə çalışır. Bu da ondan ibarətdir ki, beynəlxalq səviyyədə sərhədləri tanınmış Ermənistan, real Ermənistandır və həmin sərhədlərdən kənarda hər hansı ərazilərə iddialar Ermənistanı hərbi-siyasi hədəfə çıxara biləcək addımdır. Paşinyan hakimiyyəti hesab edir ki, mövcud sərhədlərin qorunması Ermənistanın mövcudluğunun təmin olunması istiqamətində atıla biləcək ən real addımlardır. Ona görə də Ermənistanın mövcud resurslarını və imkanlarını nəzərə alan Paşinyan hakimiyyəti indiki situasiyada ən yaxşı halda Ermənistanın hazırda mövcud olduğu sərhədlərin çərçivəsində bir ərazinin qorunmasına üstünlük verən konsepsiyaya yönəlmiş kimi görünür. Əslində bu, müəyyən mənada doğru yanaşmadı. Qonşularla normal münasibətlər və qonşulara ərazi iddialarının olmaması Ermənistanı qoruya biləcək faktorların sırasına daxildir. Təbii ki, burada Ermənistanın Qərb tərəfindən geopolitik müstəmləkə kimi istifadə olunması Ermənistan üçün yaxın və orta gələcəkdə böyük təhlükələr vəd edir. Ancaq bununla belə, Paşinyan hakimiyyətinin "real Ermənistan konsepsiyasına" yönəlməsi qonşularla münasibətlərin normallaşdırılmasına, eyni zamanda indiki Ermənistan ərazisinin dövlət olaraq mövcudluğunun təmin olunmasına şərait yarada biləcək mövqedir. Əgər Paşinyan hakimiyyəti bunu Ermənistan cəmiyyətinə qəbul etdirə bilərsə, yaxın gələcəkdə bu, Cənubi Qafqazda hərbi-siyasi gərginliyin ən aşağı səviyyəyə düşməsinə və sabitliyin hökm sürməsinə yol aça biləcək siyasi xətt rolunu oynaya bilər".
Qiymət Mahir