“Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydın və dəqiqdir. Dövlətimiz bu barədə mövqeyini dəfələrlə ən ali səviyyədə açıqlayıb. Əgər İrəvan kommunikasiyaların bərpasını istəyirsə, o zaman Naxçıvan Muxtar Respublikası ilə dəmiryolu və avtomobil yolunun bərpasına Azərbaycanın müəyyənləşdirdiyi ən qısa məsafədə razılaşmalıdır. Ermənistan bunu “suveren hüquqlarının pozulması” kimi təqdim etməyə çalışsa da dünya da Azərbaycanın təklif etdiyi modelin alternativsiz olduğunu bilir”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr icra olunur:
“Regionun əsas strateji üstünlüklərindən birincisi onun tranzit marşurutlarının üzərində yerləşməsidir. Azərbaycanın israrla açılmasını təklif etdiyi Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də, Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaranacaq.
Məlumdur ki, Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq”.
M.Cəfərovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək:
“Həmçinin bu dəhliz vasitəsilə Avropadan gələn mal və sərnişinlər şərq ölkələrinə çatdırılacaq. Beləliklə, Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək. Təbii ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını da sürətləndirəcək. Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri kəsişir. Zəngəzur dəhlizi Türk dünyasının birləşməsində də əhəmiyyətli rola malikdir”.
//Gülnarə Abasova, Editor.az