ABŞ-ın yeni dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bildirilir ki, söhbət zamanı Ukrayna ilə Rusiya Federasiyası arasındakı münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanıb.
Rutte ilə Amerika diplomatiyasının rəhbəri arasında söhbət zamanı ABŞ prezidenti Donald Tramp administrasiyasının xarici siyasət prioritetləri müzakirə olunub.
Bəyanata görə, Rubio Vaşinqtonun NATO-ya üzvlüyünə sadiqliyini və alyansın beynəlxalq təhlükəsizliyin təmin edilməsindəki əhəmiyyətini vurğulayıb.
Tərəflər müttəfiqlərin müdafiə qabiliyyətinə və üzv ölkələr arasında “əsl yükün bölüşdürülməsinə” ehtiyac olduğunu bildiriblər.
ABŞ dövlət katibi və NATO-nun baş katibi Hind-Sakit okean və Avro-Atlantik regionları arasında daha sıx əməkdaşlıq və anlaşmaya ehtiyac olduğunu qeyd ediblər.