Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. Görüş zamanı Nik Studer “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib. Dövlətimizin başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub.
AZƏRTAC “OliverWyman Group” şirkəti haqqında qısa məlumat təqdim edir.
“OliverWyman Group” Amerikanın konsaltinq şirkətidir. 1984-cü ildə Nyu-Yorkda əsası qoyulan şirkətin Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya Sakit Okean regionunda 60-dan çox ofisi var və burada 5000-dən çox mütəxəssis çalışır. Prestij, böyümə və işçilərin məmnunluğu baxımından dünyanın ən yaxşı konsaltinq şirkətləri sırasında yer alır. Firma “Marsh & McLennan Companies”in biznes bölməsi olan “OliverWyman Group”un bir hissəsidir.
Şirkət idarəetmə, o cümlədən strateji idarəetmə, risklərin idarə edilməsi sahəsində ixtisaslaşıb. “Marsh & McLennan” şirkətlərinin bir hissəsi kimi “OliverWyman Group” brendinq və imic idarəçiliyi, mikroiqtisadiyyat, insan kapitalının inkişafı və sığorta sahələrində törəmə şirkətlərinin təcrübəsindən istifadə edir. Bundan əlavə, “OliverWyman Group” elmi araşdırmalarla məşğul olur, kitablar, öz dövri nəşrləri, tədqiqat hesabatları və ixtisaslaşmış mətbuatda məqalələr dərc etdirir.
Nik Studer “OliverWyman Group”un prezidenti və baş direktorudur. O, Böyük Britaniya, kontinental Avropa və Şimali Amerikada 20 ildən çox məsləhətçilik təcrübəsinə malikdir. N.Studer idarəetmə, strategiya, maliyyə planlaşdırması, risklərin idarə edilməsi, dövlət siyasəti və tənzimləməni əhatə edən mövzularda aparıcı qlobal şirkətlərin baş direktorları və digər yüksək səviyyəli rəhbərləri ilə işləyib. Nik “The CityUK”un təsisçisi və FICC Bazar Standartları Şurasının Məsləhət Şurasının qurucu üzvü olub.