Elita klubunu 2-ci liqaya dəyişməsinin səbəbini öyrənmək üçün əlaqə saxladığımız Zahidin cavabı qəribə olmuşdu. “Mən hələ o səviyyədə deyiləm ki, müsahibə verim, futbolçu olsam, inşallah, verərəm” deyən yarımmüdafiəçinin 2-ci liqanın ikinci yerdə gedən klubuna transferi də maraq doğurdu. Hətta iddialara görə, Mərdanov bundan sonra premyer-liqadakından daha artıq maaş alacaq.
Bəs “Şəfa” 24 yaşlı futbolçu üçün “Şamaxı”ya müraciət edib, yoxsa azad agent kimi transfer edib? Komandanın baş məşqçisi Elgiz Kərəmlinin “Football-plus.az”a cavabı belə oldu:
“Zahidlə bağlı həm “Şamaxı” rəhbərliyi, həm də baş məşqçi ilə əlaqə saxladıq. Əsasən Kamran İsmayılovdan razılıq alandan sonra futbolçu ilə görüşdük. Düzdü, Zahidə ordakından daha çox maaş veriləcək. Amma üçqat, heç ikiqat çox da deyil. Onsuz da premyer-liqada az maaş almırdı. Sadəcə, orda az oynayırdı, həmçinin müqavilə müddətinin bitməsinə 6 ay qalmışdı. Cüzi artımla bura gətirdik. “Şəfa”nın planları yüksəkdi deyə futbolçunu komandaya cəlb edə bildik. İkinci liqaya premyer-liqadan ehtiyatda oturmuş futbolçu gətirmişik. 6 aydı ehtiyatda idi. Əvvəlki mövsüm komandanı çempion edib. Daha əvvəl isə premyer-liqada əsas heyət oyunçusu olub. Hələ Cavid Hüseynovun dövründə “Şamaxı”ya gətirilib. İnanırıq ki, gücümüzə güc qatacaq. Hətta 1-ci liqa səviyyəsində çempionluğa oynayacaq komandanın aparıcı simalarından biri olacaq”.
[quote][/quote]RÖYANƏ OĞUZ