AZ

"Zəngəzur dəhlizi ABŞ-a verilir"- iddia...

Image

Ermənistanda revanşist qüvvələrin, onlara bağlı medianın və ekspert dairələrinin Azərbaycanın timsalında aqressiv ölkə obrazı yaratmaq cəhdləri səngimir. Amma elə Ermənistanın rəsmi dairələri bütün bunların yalan olduğunu bəyan edir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti yayımladığı illik hesabatında müxtəlif fakt, bilgi və hadisələrin təhlili əsasında bu qənaətə gəlib ki, indi Azərbaycanın Ermənistan əleyhinə genişmiqyaslı hücuma keçmə ehtimalı yüksək sayılmır. Sənəddə bu da vurğulanır ki, sülh sazişi və dövlətlərarası münasibətlər olmadığından, sərhəddə lokal gərginlik və eskalasiya risqi qalır: “Bu risqin aradan qaldırılması üçün potensial təminat 2024-cü ildə başlanan sərhədlərin delimitasiya və demarkasiya prosesinin aramsız davam etdirilməsi ola bilər”. Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanın bu ölkə ilə bağlı Qərbi Azərbaycan və qərbi azərbaycanlılar, “Ermənistanın hərbiləşdirilməsi”, revanşizm və Zəngəzur dəhlizi kimi mövzularını diqqətlə izlədiyinə də diqqət çəkir. Bu rəsmi mövqeyə baxmayaraq, erməni politoloq Artur Xaçikyan yenə də iddia edir ki, İran Türkiyə və Azərbaycanın Ermənistanla bağlı niyyətinin qarşısını alan yeganə ölkədir: “Lakin Donald Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra Ermənistan hücuma məruz qalacağı təqdirdə İran bu rolu yerinə yetirə bilməyəcək”. Onun sözlərinə görə, belə bir vəziyyət Ermənistanın düşmənlərinə təzyiq göstərmək və hətta hərbi yolla Zəngəzur dəhlizi adlanan yerin açılmasına cəhd etmək imkanı yaradacaq: “Bunun fonunda Ermənistan hakimiyyəti təslim olmaqda davam edir və bizi uçuruma aparır. Bunun fonunda Türkiyə və Azərbaycan lobbiləri yeni Tramp administrasiyası ilə çox fəal işləyirlər, Ermənistanda belə işləri görə biləcək peşəkar kadrlar yoxdur. Bundan əlavə, diaspor nümayəndələri Ermənistanın Tramp üçün heç bir hərbi-strateji əhəmiyyətinin olmadığını bildirirlər. ABŞ-ın birinci müttəfiqi Azərbaycanla ittifaqda olan İsrail, ikincisi isə Türkiyədir”. Xaçikyanın fikrincə, ABŞ-la bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq barədə sənədin heç bir əhəmiyyəti yoxdur. Xaçikyan bunu yeni “Sevr müqaviləsi” adlandırıb: “Ona görə Ermənistan Rusiya və İranla münasibətləri pozacaq və artıq regionda dörd düşmən əldə edəcək”. Politoloq etiraf edib ki, Ermənistan hakimiyyətinin siyasəti ölkədə enerji tariflərinin kəskin artmasına gətirib çıxara bilər ki, bu da nəticədə əhəmiyyətli ixrac bazarlarını və transferləri itirmək təhdidi yarada zilər. O, Ermənistanda aclığın başlaya biləcəyini istisna etməyib və onun sözlərinə görə, Rusiya bu nəticələrlə bağlı xəbərdarlıq edib.

Artur Xaçikyan qeyd  edib ki, Tramp ABŞ-ı Ukrayna münaqişəsindən çıxarmaq və resursları Yaxın Şərqə yönəltmək istəyir, çünki İsraili qorumaq onun üçün xarici siyasətdə mütləq prioritetdir: “İran hücuma məruz qala bilər. Ya da Birləşmiş Ştatlar Tehranı güzəştə getməyə və nüvə proqramını məhdudlaşdırmağa məcbur etmək üçün sərt tədbirlər görməyə çalışacaq. Tramp həmçinin İranın nə Yəmən husilərinə, nə də HƏMAS-a kömək etməməsini təmin edəcək. Bütün bunlar baş verməsə, İrana hücum başlaya bilər. ABŞ-ın yeni administrasiyası hesab edir ki, indi İslam Respublikası ilə bağlı məsələlərin həlli zamanıdır. İsrail işğal siyasətini davam etdirmək üçün uzun illərdir ki, bu fürsəti gözləyir. Düşünürəm ki, Qəzza zolağında, eləcə də “Hizbullah” qruplaşmasına qarşı döyüşlər yenidən başlayacaq”. Eyni zamanda o, İsrailin müttəfiqinin yəhudi dövlətinin enerji sektorunda mühüm maraqlarının olduğu Azərbaycan olduğunu təkrarlayıb: “İranın üzərində qara buludlar yığılır. Ya nüvə proqramını məhdudlaşdırmaqla güzəştə getməlidir, ya da hava hücumuna məruz qala bilər. Bu halda Tehran cavab verəcək ki, bu da gözlənilməz və təhlükəli eskalasiyaya gətirib çıxaracaq, o cümlədən bizim üçün”. Digər erməni politoloq Yervand Bozoyan bildirir ki, Ermənistan hakimiyyəti tezliklə bəyan edəcək ki, KTMT-dən, sonra isə Aİİ-dən çıxırlar. Onun sözlərinə görə, İrəvan hökuməti birbaşa Qərbin diktəsi ilə hərəkət edir və bu addımı da onların tapşırığı əsasında atacaq.

Bozoyan bu prosesin ardından Zəngəzur dəhlizi məsələsinin reallaşacağını vurğulayıb. “Bunun ardından Zəngəzur dəhlizi reallaşacaq və o, ABŞ-a veriləcək”. Zəngəzur dəhlizinin açılması Ermənistanın müvafiq öhdəliyidir və üçtərəfli bəyantlarda bu hal təsbit olunub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində sözügedən məsələ öz təsbitini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı digər üçtərəfli Bəyanatda bir daha bu məsələyə toxunulub: “2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupun yaradılması barədə təklifi dəstəklənir”. Həmin İşçi qrup fəaliyyətə başlasa da, bir neçə görüş keçirsə də, Ermənistanın mövqeyi səbəbindən ortada hansısa nəticə yoxdur.

Samirə SƏFƏROVA





Seçilən
4
13
baki-xeber.com

10Mənbələr