AZ

ABŞ- də yeni Tramp dövrü... ABŞ-iran münasibətləri

“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun İrana dair açıqlamaları diqqət çəkib. Uolts İranla bağlı vacib qərar verməyin vaxtının çatdığını, bu ölkənin hava hücumundan müdafiəsinin məhv edildiyini bildirib. O, həmçinin Tehranın İsrail sayəsində zəiflədildiyini, proksiləri olan HƏMAS və “Hizbullah”a ağır zərbələr vurulduğunu qeyd edib”.

“Əlbəttə, Donald Trampın milli təhlükəsiz üzrə müşavirinin verdiyi açıqlama kifayət qədər diqqət çəkici və ciddi bir mesajdır. Şübhəsiz ki, məhz bu açıqlama çox ciddi müzakirələrə səbəb olacaq. O ki qaldı bu açıqlama ilə Amerika Birləşmiş Ştatları qısa zamanda İrana qarşı hərbi əməliyyatlara başlayacaqmı sualına, bunu indidən demək kifayət qədər çətindir, baxmayaraq ki, Trampın özünün də İrana münasibəti kifayət qədər sərtdir və biz onu Trampın birinci prezidentlik dönəmində də müşahidə etmişik”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, nəzərə alsaq ki, doğrudan da İranın Yaxın və Orta Şərqdəki proksi qüvvələri ciddi şəkildə zəiflədilib, HƏMAS və “Hizbullah” ağır zərbələr alıblar.

“Əsəd rejimi devrilib və İranın yaxın Orta Şərq siyasəti ciddi şəkildə iflas olub. İsrailin hücumu nəticəsində İranın hava hücumundan müdafiə sistemləri ciddi şəkildə sıradan çıxarılıb. Bütün bunlar hamısı İran üçün ciddi problemlərdir. Amerika Birləşmiş Ştatları yaranmış bu şəraitdən istifadə edəcəkmi, yaxud edəcəksə, bunu ən qısa zamandamı edəcək? Onu söyləmək kifayət qədər çətindir, çünki Amerikanın qarşısında hələlik duran əsas problem İran problemi deyil. Təbii ki, Trampın əsas hədəfi Çin sayılsa da, İranda bu hədəflərin sırasındadır. Ancaq nəzərə alsaq ki, İsrailin baş naziri Netanyahunun özünün İrana çox sərt münasibəti var. İlk fürsətdəcə İrana hücum etməyi düşünə bilər və Tramp- Netanyahu arasındakı münasibətlərin səviyyəsini də nəzərə alsaq, bir müddət sonra biz İrana qarşı hansısa addımların atılacağını görə bilərik. Düşünmürəm ki, bu geniş miqyaslı bir əməliyyat olsun. Amma İranın müxtəlif strateji obyektlərinə zərbə endirilə bilər. Amerikanın da və o cümlədən İsrailin də əsas hədəfi İranı işğal etmək deyil, İrandakı rejimin dəyişdirilməsinə nail olmaqdan ibarətdir. Məhz bu hədəfə çatmaq üçün Amerika və İsrail birlikdə hərəkət edə bilərlər. Hər halda Amerika Birləşmiş Ştatları İsraillə bu məsələləri planlaşdırarkən, yəqin bir çox nüansları nəzərə alacaqlar. Lakin doğrudan da hazırda İran özünün son 35 ildə ən zəif dövrünü yaşamaqdadır ki, bunu təbii ki, İranla bağlı hesablaşmaları olan dövlətlər də nəzərdən qaçırmayacaqlar”.

Rəfiqə NAMAZƏLİYEVA

Seçilən
2
33
aznews.az

10Mənbələr