AZ

Azərbaycan Davos Dünya İqtisadi Forumunda: Uğurlu qlobal mövqe

Davos İqtisadi Forumu (DİF) qlobal iqtisadi problemlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın təşviqi və gələcəyə dair mühüm təşəbbüslərin irəli sürülməsi üçün yaradılmış dünyanın ən nüfuzlu platformalarından biridir. İsveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə əsası qoyulan bu forum, hər il dünya liderlərini, iş dünyasının nümayəndələrini, iqtisadçıları və ekspertləri bir araya gətirərək, qlobal iqtisadiyyatın perspektivlərini və onun qarşısında duran çağırışları müzakirə edir. Davos Forumu dünya ölkələri üçün yalnız iqtisadi problemlərin müzakirə edildiyi bir məkan deyil, həm də beynəlxalq siyasət və əməkdaşlıq üçün strateji hədəflərin müəyyən olunduğu qlobal platformadır. Burada aparılan müzakirələr və qurulan əməkdaşlıqlar qlobal iqtisadi inkişafın istiqamətlərini müəyyənləşdirir.
   Azərbaycan bu forumda ilk dəfə 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təmsil olunub. Heydər Əliyev Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda fəallığını artıraraq, ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətləri dünya ictimaiyyətinə çatdırıb. Bu uğurlu iştirak ənənəsi Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda davam etdirilib və Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rol daha da gücləndirilib.
    Prezident İlham Əliyev Davos Forumunda ilk dəfə 2007-ci ildə dövlət başçısı kimi iştirak edib. Həmin il forum "Güclərin qlobal balansının yerdəyişməsi" şüarı altında keçirilmişdi. İlham Əliyev "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilən iclasda çıxış edərək Azərbaycanın enerji təhlükəsizliyindəki əsas rolunu və qlobal enerji layihələrində oynadığı aparıcı mövqeyi vurğulayıb. O, Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də etibarlı tərəfdaş və beynəlxalq əməkdaşlığa sadiq ölkə kimi qlobal iqtisadiyyatda mühüm rol oynadığını diqqətə çatdırıb. Prezidentin forum çərçivəsində Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla keçirdiyi görüşlər  Azərbaycanın qlobal səviyyədə artan nüfuzunun əyani göstəricisidir. Klaus Şvab Azərbaycanı enerji sahəsində mühüm tərəfdaş və regional inkişafın təkanverici qüvvəsi kimi qiymətləndirib. Qeyd edək ki, öz tarixi ərzində Davos İqtisadi Forumu yalnız iki dəfə Davosdan kənarda keçirilib. Kənar forumlardan biri ABŞ-da keçirilib. Bu, 2002-ci ilə təsadüf edir. Həmin ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq forum Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ‎hadisələrinə qarşı çıxıblar. Ulu Öndərimiz Heydər Əliyev də həmin forumda iştirak edib və öz çıxışında sentyabrın 11-də ABŞ-nin Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib. H.Əliyev həmin forumda  bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib. 
Qürurla qeyd etmək lazımdır ki, kənarda keçirilən digər Davos forumuna Azərbaycan ev sahibliyi edib. 2013-cü il aprelin 12-də forumun "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq" mövzusunda xüsusi tədbiri Bakıda təşkil olundu. Bu, Azərbaycanın beynəlxalq səviyyədə qazandığı nüfuzun və strateji əhəmiyyətinin göstəricisi idi. Forum çərçivəsində dünyanın ən nüfuzlu iqtisadçıları, dövlət xadimləri və ekspertləri Bakıya toplaşaraq, regionun iqtisadi perspektivlərini müzakirə ediblər. Prezident İlham Əliyev Davos Forumunda iştirakını davamlı şəkildə inkişaf etdirərək, Azərbaycanın sosial-iqtisadi uğurlarını və strateji hədəflərini beynəlxalq ictimaiyyətə təqdim edib. Onun forum çərçivəsindəki iştirakları Azərbaycanın beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaş kimi tanınmasını təmin edib.

1-ci Prezidentliyi dövrü (2003-2008)
    1.    24-26 yanvar, 2007 - Prezident İlham Əliyev ilk dəfə Davos Forumunda iştirak etdi. "Neft siyasətinin yeni erası" mövzusunda keçirilən iclasda çıxış edərək Azərbaycanın enerji layihələrində qlobal əhəmiyyətini vurğuladı.
    2.    23-25 yanvar, 2008 - Forumun növbəti toplantısında iştirak edərək Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində rolunu genişləndirdi.

2-ci Prezidentliyi dövrü (2008-2013)
    1.    28 yanvar-1 fevral, 2009 - Prezident Ermənistan Prezidenti Serj Sarkisyan və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirdi, "Neft-qaz siyasəti - xəritə dəyişikliyi" mövzusunda müzakirələrdə iştirak etdi.
    2.    27-28 yanvar, 2010 - 40-cı Dünya İqtisadi Forumunda "Qlobal enerji mənzərəsi" və "Neft və qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda keçirilən müzakirələrdə iştirak etdi.
    3.    26-28 yanvar, 2011 - 41-ci Davos Forumu çərçivəsində OECD-nin tədbirində iştirak etdi.
    4.    25-27 yanvar, 2012 - İsveçrə Prezidenti Evelin Vidmer Şlümf ilə görüş keçirildi, qlobal iqtisadi problemlərin müzakirəsində iştirak etdi.
    5.    22-24 yanvar, 2013 - Forum çərçivəsində "Neft və qaz idarəçilərinin toplantısı" mövzusunda çıxış etdi.

3-cü hakimiyyət dövrü (2013-2018)
    1.    21-24 yanvar, 2014 - Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda əldə etdiyi uğurlar forum çərçivəsində təqdim edildi.
    2.    2015-2018-ci illərdə Prezident İlham Əliyev Davos Forumunda ardıcıl iştirak edərək Azərbaycanın regional və qlobal səviyyədə əldə etdiyi uğurları tanıtdı.

4-cü hakimiyyət dövrü (2018-hazırda)
    1.    21-23 yanvar, 2019 - Prezident Azərbaycanın iqtisadi gücünü təqdim etdi.
    2.    20-24 yanvar, 2020 - Forumda Azərbaycanın yaşıl iqtisadiyyat və enerji keçidindəki rolu vurğulandı.
    3.    17-18 yanvar, 2023 - 44 günlük müharibədən sonra qalib ölkənin lideri kimi forumda iştirak etdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ölkəmizi beynəlxalq siyasi və iqtisadi arenada yeni mövqeyə yüksəltdi. Azərbaycan artıq Davos Forumunda qalib ölkə kimi iştirak edir. Bu, Azərbaycanın beynəlxalq miqyasda daha geniş tanınmasına və iqtisadi, siyasi, hərbi gücünün dünya tərəfindən qəbul edilməsinə səbəb oldu. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik idarəçiliyi Azərbaycanın yalnız regionda deyil, dünya səviyyəsində etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Azərbaycan Davos Forumunda iştirak etməklə, həm ölkəmizin mövqeyini möhkəmləndirir, həm də yeni beynəlxalq tərəfdaşlıqlara yol açır. Bu forumda iştirakımız Prezident İlham Əliyevin strateji baxışını və Azərbaycanın artan qlobal gücünü nümayiş etdirir. Davos platformasında iştirak Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının qlobal trendlərlə uyğunluğunu göstərir və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfəni vurğulayır. Nəzərə almaq lazımdır ki, Azərbaycan artıq yalnız enerji sahəsində deyil, digər sahələrdə də qlobal liderlər arasında mühüm mövqeyə malikdir.

2025-ci il: Davos forumu və Azərbaycanın rolu

Bu il 15 yanvarda başlayan 54-cü Davos Dünya İqtisadi Forumu "Etimadın bərpası" devizi ilə keçirilir. Forumun əsas mövzuları qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, iqtisadi inkişaf, süni intellektin cəmiyyətə təsiri və enerji keçidlərini əhatə edir. Forumda iştirak edən dövlətlər arasında Azərbaycan yenə də mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəflərin müraciəti əsasında Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim,"The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, Latviya Prezidenti Edqars Rinkeviçs, İsrail lideri İsxak Hersoq ilə görüşüb. Yanvarın 22-də isə qarşı tərəflərin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç, ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Ukrayna Prezidenti Volodimir Zelenski, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. Görüşlərdə müxtəlif məsələlər, həmçinin münasibətlərin inkişafı müzakirə olunub. AYİB prezidenti ilə görüş zamanı saziş də imzalanıb. Belə ki, Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi"ni İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.  
Prezidentin  Davos Forumuna davamlı olaraq qatılması onu göstərir ki, ölkəmiz  qlobal əməkdaşlıqlara böyük töhfə verir. Həmçinin, Azərbaycan sürətlə dəyişən qlobal iqtisadi mühitdə rəqəmsal transformasiyanı milli inkişafın əsas aparıcı qüvvəsi kimi qəbul edərək, öz mövqeyini gücləndirməkdə davam edir. Dünya İqtisadi Forumunun "Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024" adlı hesabatında bu istiqamətdə ölkəmizin əldə etdiyi nailiyyətlər xüsusi vurğulanıb. Hesabata əsasən, Azərbaycanın rəqəmsal iqtisadiyyatını gücləndirmək məqsədilə həyata keçirilən Digital FDI (Rəqəmsal Birbaşa Xarici İnvestisiyalar) təşəbbüsü mühüm rol oynayıb. Bu təşəbbüs, ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırmaq və startaplar üçün daha əlverişli mühit formalaşdırmaq məqsədilə icra edilir. Layihə, strateji görüşlər və geniş miqyaslı təhlillər əsasında formalaşdırılaraq konkret hədəflərin müəyyənləşdirilməsi və icrasına yönəlib. Digital FDI çərçivəsində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə sorğular və müsahibələr aparılıb. Bu görüşlərin nəticəsində toplanan məlumatlar təhlil edilərək, 4 dekabr 2023-cü ildə təşkil edilən seminarda təqdim edilib. Layihənin uğurlu tətbiqi nəticəsində Azərbaycanın innovasiya mədəniyyəti və sahibkarlıq potensialı gücləndirilib, şirkətlərin rəqəmsal hazırlıq səviyyələri qiymətləndirilib və onların inkişafı üçün praktiki tövsiyələr təqdim olunub. Bu, həm yerli, həm də beynəlxalq səviyyədə investisiya baxımından cəlbediciliyi artırıb. Layihənin əsas elementlərindən biri kimi təqdim edilən InvesTech kalkulyatoru rəqəmsal investisiya qərarlarının qəbul edilməsini daha şəffaf və asan hala gətirmək məqsədilə yaradılıb. Bu alət, birbaşa xarici investisiyaların cəlb olunması prosesini asanlaşdıraraq, ölkənin investisiya mühitini daha əlverişli edir. Hesabatda vurğulanır ki, bu innovativ yanaşma investisiya qərarlarının sadələşdirilməsi ilə yanaşı, həm də proseslərin şəffaflığını artırır. Bununla, Azərbaycanın rəqəmsal iqtisadiyyatı qlobal miqyasda daha rəqabətli və cəlbedici olur. Azərbaycanın iqtisadi inkişafı və rəqəmsal transformasiyası beynəlxalq arenada geniş diqqət mərkəzindədir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, "IDEA: Investing in the Digital Economy of Azerbaijan" təşəbbüsü, ölkənin startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılması istiqamətində ciddi tərəqqi əldə etdiyini sübut edir. O bildirib ki, ölkənin sosial-iqtisadi inkişafını təmin etmək üçün xarici investisiyaların cəlb olunması, rəqəmsal tərəqqinin təşviqi və müvafiq siyasətlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın inkişafı, xüsusilə də 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbədən sonra yeni mərhələyə qədəm qoyub. Bu qələbə Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan qlobal siyasi və iqtisadi arenada güclü tərəfdaş kimi qəbul olunmağa başlayıb. Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatında rəqəmsal keçid daha sürətli və effektiv şəkildə həyata keçirilir. Azərbaycanın siyasi iradəsi, iqtisadi strategiyası və rəqəmsal transformasiya sahəsində atdığı addımlar ölkəni yalnız regional deyil, həm də qlobal liderlərdən birinə çevirir.

Bu gün Azərbaycan Davos Forumu kimi mötəbər platformalarda öz strateji təşəbbüsləri ilə qlobal diqqət mərkəzindədir. Prezident İlham Əliyevin uzaqgörən liderliyi sayəsində ölkəmiz iqtisadi, siyasi və texnoloji sahələrdə dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq edir. Bu yanaşma Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu artıraraq, yeni uğurların əsasını qoyur.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
50
olaylar.az

10Mənbələr