Bakı, 24 yanvar, AZƏRTAC
Həftənin ən mühüm hadisələrindən biri də heç şübhəsiz ki, yanvarın 20-24-də keçirilən Davos İqtisadi Forumunun illik toplantısıdır. “Ağıllı əsr üçün əməkdaşlıq” şüarı ilə keçirilən toplantıda dövlət və hökumət başçıları, minə yaxın tərəfdaş şirkətin təmsilçiləri, media nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri iştirak edirlər. Planetin mühafizəsi, intellektual əsrdə sənayelər, inkişafın yenidən dizayn edilməsi, insan kapitalına investisiya və etimadın bərpası kimi gündəliyə daxil edilmiş beş istiqamətin hər biri kifayət qədər əhatəli əməkdaşlıq imkanlarını özündə ehtiva edən qlobal məsələlərdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, dünya nizamının yenidən formalaşdığı bir məqamda bu Forumda iştirak edən rəsmilərin mövqeyi və yanaşmaları mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, 60-a yaxın dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə Prezident İlham Əliyevin iştirakının xüsusilə diqqət mərkəzində olması, Prezident İlham Əliyevə göstərilən hörmət və rəğbət hər zaman olduğu kimi, aydın şəkildə müşahidə edildi. İnformasiya müharibəsində Azərbaycana qarşı əsassız və qərəzli ittihamlar səsləndirənlər üçün bu mənzərə nə qədər “narahatedici” olsa da, artıq bu reallıqla barışmağa məcburdurlar. Azərbaycana və Prezident İlham Əliyevə olan hörmət və etimad birmənalı şəkildə dünya liderləri tərəfindən açıq formada ifadə edilir. Eləcə də Azərbaycan Prezidenti Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verərək qlobal məsəllərə dair dövlətimizin mövqeyini aydın şəkildə ifadə etdi, tədbir çərçivəsində mühüm görüşlər keçirdi, mötəbər şirkətlərin nümayəndələri ilə əməkdaşlıq imkanlarını dəyərləndirdi. Nəzərə alsaq ki, keçirilən görüşlərin böyük əksəriyyəti qarşı tərəflərin müraciətləri əsasında təşkil olunub, deməli, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın bu platforma çərçivəsində önəmini əlavə şərh etməyə ehtiyac qalmır. Almaniya, Latviya, Xorvatiya, İsrail, İraq, Ukrayna və bir sıra başqa ölkələrin dövlət və hökumət başçıları ilə keçirilmiş ikitərəfli görüşlər məhz bu kontekstdə dəyərləndirilməlidir.
“Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti, “Carlsberg Group”, “OliverWyman Group”, “DP World”, “The Goldman Sachs’s Group Inc.” kimi önəmli şirkətlərin rəhbərləri ilə də görüşlər keçirdi. Ümumiyyətlə, bu görüşlərin hər biri Azərbaycan Respublikasının siyasi prioritetləri ilə bağlı mühüm mesajlar verir. Mühüm nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən Azərbaycanın geostrateji önəmini nəzərə alan dövlətlər və böyük şirkətlər Azərbaycan ilə əlaqələrin əhəmiyyətini də çox yaxşı anlayırlar. Artıq dünyanın güc mərkəzləri, aparıcı institutları və qlobal şirkətləri etibarlı tərəfdaş olaraq Azərbaycan ilə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün hər fürsətdən yararlanmağa çalışır, Prezident İlham Əliyevə olan yüksək hörmət və ehtiramlarını ifadə edirlər. Nəticə etibarilə, 55-ci Davos İqtisadi Forumu bunu bir daha bariz şəkildə sübut etmiş oldu”, - deyə A.Qurbanova əlavə edib.