Bakı, 24 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Avtomatlaşdırılmış jurnalistika son illərdə dünyada olduğu kimi, Azərbaycanda da diqqət mərkəzindədir. Bu sahə texnologiyanın və süni intellektin jurnalistika sahəsində tətbiqini ifadə edir. Avtomatlaşdırılmış jurnalistikada məlumatların toplanması, analiz edilməsi və xəbər mətnlərinin yaradılması prosesini avtomatlaşdıran proqram təminatları və alətlərdən istifadə edilir. Bu yanaşma xəbərlərin daha sürətli və səmərəli şəkildə təqdim olunmasına kömək edir. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalova Azərbaycanda bu texnologiyanın tətbiqi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Süni intellekt müasir jurnalistikanın bütün sahələrinə geniş tətbiq olunmaqdadır. Süni intellekt texnologiyalarının jurnalistikada rolu və əhəmiyyəti nədən ibarətdir?
-Süni intellekt jurnalistikası süni intellektin gücünü jurnalistikanın prinsip və dəyərləri ilə birləşdirən sahədir. Jurnalistika kontekstində süni intellekt ilk olaraq darıxdırıcı və təkrarlanan (hesabat və statistik məlumatlar kimi) tapşırıqları yerinə yetirirdi. Süni intellektli proqramlar təkmilləşdikcə bu texnologiyaların jurnalistikada rolu daha da artır. Süni intellekt insan intellektindən asılıdır və ondan nə tələb edəcəyimizə biz qərar veririk. Süni intellekt texnologiyalarından uğurlu istifadə etmək üçün onun necə işlədiyini birbaşa təcrübə vasitəsilə öyrənmək və tətbiq etmək lazımdır. Süni intellekt texnologiyaları müasir jurnalistikanın bütün sahələrinə geniş şəkildə tətbiq olunur. Mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının avtomatik aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt texnologiyaları böyük əhəmiyyətə malikdir. Süni intellekt texnologiyaları əsasında hazırlanan xəbərlərdə qərəzlilik, reklam və şəxsi rəğbət izlərinin olmaması bu jurnalistikanın əsas xarakterik cəhətidir. Süni intellekt texnologiyalarına əsaslanan jurnalistika ictimaiyyətin maraqlarına xidmət etmək potensialına malikdir, fərdi məlumatların təhlükəsizliyi, xəbərlərdə şəffaflıq və hesabatlılıq məsələləri daxil olmaqla informasiya təhlükəsizliyində böyük imkanlar yaradır. Xəbərlərin əldə olunmasında, redaktə olunmasında, yayımında, bir sözlə, xəbər istehsalında və məruzələrin oxunmasında robot proqramlardan (botlardan) geniş istifadə olunur. Məsələn, mətnlərdə avtomatik şəkildə ümumiləşdirmələrin aparılmasında, hava proqnozunun hazırlanmasında, reklam bazarında mətni toplayan və emal edən xüsusi analitik sistemlərdən istifadə edilir (əsasən hesabat tipli məlumatların toplanmasında). Müasir dövrdə proqram təminatının köməyi ilə hazırlanmış xəbərlər tədricən xəbər hazırlanma sisteminin ayrılmaz bir hissəsinə çevrilib və nəticədə jurnalistika, kompüter elmləri və statistika sahələrinin qarşılıqlı şəkildə işləməsinə səbəb olub.
-Jurnalistika sahəsində əsasən hansı süni intellekt çatbotları tətbiq olunur?
-Süni intellekt (Sİ) çatbotlarına tez-tez "virtual köməkçilər" və ya "virtual agentlər" deyilir. Sİ çatbotları təbii dil emalı (NLP) kimi tanınan bir prosesdən istifadə edərək insan söhbətlərini izləmək üçün öyrədilmiş proqramlardır. NLP metodundan istifadə etməklə mətnin təhlili vasitəsilə biliklərin mənimsənilməsi mövzusu inkişaf etdirilə və təkmilləşdirilə bilər. NLP-nin köməyi ilə süni intellektlə işləyən çatbot insan dilini yazıldığı kimi sərbəst şəkildə şərh edə və cavab verə bilər. Botların sürətli böyüməsi sosial media şirkətləri, jurnalistlər və məzmun yaradıcıları üçün yeni mənəvi və hüquqi dilemmalar yarada bilər. ChatGPT kimi süni intellekt çatbotları jurnalistika sahəsində geniş yayılıb. Hazırda bir çox xəbər təşkilatları süni intellekt texnologiyalarından istifadə edir. Ən çox istifadə olunan süni intellektli bot hazırda ChatGPT-dir. Ümumiyyətlə, botlar jurnalistlərə müsahibələr üçün suallar hazırlamağa kömək edə bilər. Müsahibə mövzusu üçün düşündüyünüz sualları sadalaya bilərsiniz və proqram onlardan sonra modelləşdirilmiş daha çox sual yaradacaq. ChatGPT redaktor kimi istifadə edilə bilər. Jurnalistlər əlavə edilən məlumatların doğruluğundan əmin olmaq üçün ChatGPT-nin etdiyi dəyişiklikləri nəzərdən keçirməli və faktları yoxlamalıdırlar. Təqdim olunan ChatGPT-4o versiyası ilə kameranızı açaraq danışa bilirsiniz. Sizi anlayır və soruşduğunuz suala uyğun məlumat verir. İntonasiya ilə danışır və təbii reaksiyalar verir.
- Əsasən hansı xəbər agentlikləri süni intellekt texnologiyalarından istifadə edir?
- “Reuters” xəbər agentliyinin xəbər təşkilatlarının rəhbərləri arasında apardığı sorğuda xəbər ortaqlarının 56 faizinin ondan avtomatlaşdırılmış məzmun yaratmaq üçün istifadə etdiyini, 37 faizinin tövsiyə sistemləri ilə tanış olmaq üçün, 28 faizinin ondan məzmun yaratmaq və satmaq üçün istifadə etdiyini müəyyən edib. “Reuters” xəbər agentliyi xəbərləri və tendensiyaları müəyyən etmək, həmçinin hər bir xəbər üçün foto və video seçimində “Lynx Insight” adlı süni intellekt çatbotundan istifadə edir. “BBC News” xəbər məqalələrini mövzuya görə müəyyən etmək və qruplaşdırmaq üçün “Juicer” adlı süni intellekt çatbotundan istifadə edir ki, bu da müxbirlərə əlaqəli məqalələrə tez və asanlıqla daxil olmaq imkanı verir.“The Washington Post” yerli idman və seçki nəticələri kimi mövzularda qısa məqalələr yazmaq üçün “Helioqraf” adlı süni intellekt çatbotundan istifadə edir.
-Süni intellekt jurnalistikasının müsbət və mənfi cəhətləri, etibarlılığı və keyfiyyəti nədən ibarətdir?
-Süni intellekt texnologiyaları, adətən, jurnalistlərin gördükləri yorucu və vaxt aparan işlərin öhdəsindən gələ bilər, bu isə jurnalistlərə vaxtlarını daha mürəkkəb və yaradıcı işlərə ayırmağa kömək edə bilər. Məlumatlarda orfoqrafik səhvi və qərəzlilik potensialını aradan qaldıraraq daha dəqiq və etibarlı məlumat yaradır. Süni intellekt çatbotları dil problemini aradan qaldıraraq bütün məlumatları əlçatan edir.
Süni intellekt son illərdə əhəmiyyətli irəliləyiş əldə etsə də, onun məhdudiyyətləri var. Yadda saxlamaq lazımdır ki, texnologiya (informasiya texnologiyaları) həm imkanlar, həm də problemlər gətirə bilər. Texnologiyada irəliləyişlər bəzi işləri sıradan çıxarmaqla yanaşı, həm də yenilərini yarada və maraqlı karyera yolları aça bilər. Xəbərlərin dürüstlüyünü və etibarlılığını təmin etmək üçün süni intellekt jurnalistikasında etik mülahizələr ön planda olmalıdır. Jurnalistikada süni intellektdən istifadə xəbərlərin daha dəqiq və etibarlı işıqlandırılmasına gətirib çıxara bilər, lakin proses boyu etik standartları qorumaq vacibdir.
Müasir cəmiyyət inkişaf etdikcə, süni intellektin insan fəaliyyətində və davranışında rolu artır. Müasir 4-cü sənaye inqilabı, kiberfiziki sistemlər və sosial media çağımızda insanlar bütün informasiya ehtiyaclarını ödəyə bilən daha yeni, daha ağıllı sistem istəyirlər. ChatGPT və digər süni intellektlə işləyən çatbotlar tam olmasa da, insanların bu ehtiyacını ödəyə bilər. Süni intellekt çatbotları artan səmərəlilik, dəqiqlik və əlçatanlıq daxil olmaqla, jurnalistika sahəsinə bir çox üstünlüklər təklif edir. Bununla belə, çətinliklər və məhdudiyyətlər nəzərə alınmalıdır.
-Süni intellektə əsaslanan robotlar gələcəkdə insan faktorunu aradan qaldıracaqmı?
-Sİ jurnalistikası müasir dövrün tələblərinə cavab verərək jurnalistlərin təhlükəsizliyi, informasiyanın sürətli toplanması və yayılması məsələlərini müvəffəqiyyətlə həll etsə də, onun da çatışmayan cəhətləri vardır. Sİ jurnalistikası tərəfindən ötürülən xəbərin emosional tonlardan uzaq olması, həmçinin xəbərlərin dinamik dəyişməsi və həddən artıq böyük olması, gələcəkdə oxucuların bu xəbərlərə qarşı münasibətində dəyişikliklərin yaranacağından xəbər verir. Ənənəvi jurnalistikada jurnalistin şəxsi fikirləri, hiss və həyəcanları, yazı üsulu, hətta tez-tez işlətdiyi xarakterik ifadələr oxucularda maraq, emosional hiss və hadisəyə münasibət formalaşdırırdısa, Sİ jurnalistikası gələcəkdə insanların maşın tərəfindən hazırlanan məlumatlarla kifayətlənmə məcburiyyətində olacağından xəbər verir. Sİ jurnalistikası tərəfindən yaradılan xəbər və məlumatlar yüksək qiymətləndirilsələr də, insan zəkasının məhsulu ilə eyni tutula bilməz. Çünki faktlara tənqidi yanaşma robotlar tərəfindən aparıla bilməz. Robot jurnalistikası demokratiya və insan hüquqlarının bələdçisi deyil. Jurnalistlərin rolu həmişə faktları seçmək, sonra yoxlamaq, strukturlaşdırmaq və ötürmək olub. Robot jurnalistikası bu işlərin hamısını yerinə yetirir və jurnalistlərə yalnız məlumatı cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətə uyğunlaşdırmaq qalır. Yəni məlumatın cəmiyyətə tam və ya qismən ötürülməsi və ya gizlədilməsi, həmçinin ötürülən məlumata cavabdehlik jurnalistin üzərinə düşür.