Süni intellekt xərçəngin müalicəsində inqilab edəcək -
Xəbər verdiyimiz kimi, Nyu-York Universitetinin professoru, immunologiya sahəsində dünya miqyasında tanınan alim və "ChatGPT Pro" qrantına layiq görülmüş Dərya Unutmaz Metbuat.az-a müsahibə verib.Müsahibənin birinci hissəsi maraqla qarşılanıb. Müsahibənin ikinci hissəsində professor elmi təcrübələri, səhiyyə sahəsində texnoloji irəliləyişlər və gələcək perspektivlər barədə danışıb. Həmin müsahibəni təqdim edirik: Doktor, uzun illərdir bu sahədə çalışırsınız. Necə düşünürsünüz, süni intellektin imkanlarını tibb sahəsinə daxil etmək olarmı? Bəli, uzun illərdir bu sahə ilə maraqlanıram. Hətta Türkiyədə bir startap yaratmışıq. Beş-altı il əvvəl səhiyyə sahəsində süni intellektin istifadəsi və robot texnologiyaları üzərində işləmişik. O zamanlar vaxtından qabaq addımlar atdığımıza inanırıq. Hətta özümə demişəm ki, beş-on il sonra bu texnologiyalar reallaşacaq. Gerçəkdən də belə oldu. Bu sahəyə uşaq yaşlarından maraqlandığım üçün sınayan ilk şəxslərdən biri oldum. Texnologiyaları test etməklə təşkilatların diqqətini çəkdim və bu sahənin potensialını göstərdim. Bu yolda mənim üçün qürurverici nəticələr oldu. Səhiyyə sahəsində süni intellekt diaqnostik prosesləri sürətləndirə, xəstəliklərin erkən mərhələdə aşkarlanmasını təmin edə və fərdi müalicə planları hazırlamaq üçün böyük məlumatları analiz edə bilər. Məsələn, xərçəngin genetik analizlər əsasında daha dəqiq diaqnozu mümkün olacaq. Gələcəkdə robot cərrahiyyəsi və uzaqdan tibbi konsultasiya kimi texnologiyalar da geniş yayılacaq. Bu yeniliklər, həmçinin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq. Professor, texnologiyanın inkişaf etdiyi bir dövrdə xərçəngin tamamilə müalicəsi üzrə dəqiq metodlar mümkün ola bilərmi? Əksər hallarda xərçəngin "tək bir xəstəlik" olduğu düşünülür, amma bu yanlışdır. Xərçəng əslində 100-dən çox xəstəlik tipini ehtiva edir. Məsələn, ağciyər xərçəngi, mədə xərçəngi, dəri xərçəngi kimi fərqli xəstəlik tipləri var. Hətta ağciyər xərçənginin 10-dan çox alt tipi mövcuddur. Bu xəstəliklər çox fərqli genetik, ekoloji və ya davranış səbəblərindən qaynaqlanır. Məsələn, siqaret çəkənlərdə xərçəng toksinlər vasitəsilə hüceyrə mutasiyalarına səbəb olur.
Müalicə üsulları arasında "immunoterapiya" ön plana çıxıb. Son 10-15 il ərzində xərçəngin müalicəsində çox irəliləyiş olub. Süni intellektin yardımı ilə xərçəngin müalicəsi sahəsində daha da irəliləyişə nail olacağımıza ümid edirəm. Azərbaycanda səhiyyə sisteminin süni intellektlə adaptasiyası mümkün olacaqmı? Azərbaycanın səhiyyə sistemi son illərdə çox irəliləyib, amma daha çox imkan var. Süni intellekt vasitəsilə tədqiqatların daha dəqiq olmasını, təcili yardım xidmətinin uzaqdan idarə olunan robot texnologiyalarının istifadəsini görə bilərik. Əgər Türkiyə və Azərbaycan birlikdə bu texnologiyaları həyata keçirə bilsələr, bu, səhiyyənin daha geniş imkanlara sahib olmasına şərait yaradacaq.Ümumiyyətlə, Azərbaycanda genetik tədqiqatlar sahəsində bəzi inkişaflar müşahidə olunur. Lakin bu sahədə daha çox investisiya və beynəlxalq əməkdaşlıq lazımdır. Genetik tədqiqatların genişləndirilməsi xroniki xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində böyük irəliləyişlərə səbəb ola bilər. Bu, həmçinin, ölkənin elmi potensialını gücləndirəcək.
Sizin yaşlanma ilə bağlı fərqli mülahizələriniz var. Necə düşünürsünüz, gələcəkdə yaşlanmanı tamamilə dayandırmaq mümkün olacaqmı? Yaşlanma qaçınılmaz bioloji prosesdir, amma bu prosesi dayandırmaq və ya geri döndərmək mümkün ola bilər. Hətta beş-on il sonra yaşlanmanı çevirmək üçün əsas texnologiyaları görə biləcəyik. Bu müddətdə süni intellektin rolu danılmaz olacaq. Məsələn, dəri hüceyrələri qocalıb işini itirir, amma süni intellekt və yeni molekulyar texnologiyalarla bu hüceyrələri təzələmək mümkün ola bilər. Bəs, insan ömrünü uzatmaq və ölümsüzlüyü təmin etmək mümkün ola bilərmi? İnsan ömrünün uzadılması sahəsində əhəmiyyətli irəliləyişlər var, lakin ölümsüzlük yalnız elmi fantastikanın mövzusudur. Süni intellekt və biotexnologiyalar insan orqanlarının funksiyalarını bərpa etmək və yaşlanma prosesini yavaşlatmaq sahəsində böyük potensiala malikdir. Gələcəkdə bu sahədəki araşdırmalar həyat keyfiyyətini və uzunluğunu artırmağa kömək edə bilər. Uzun illərdir kosmosda müxtəlif genetik tədqiqatlar aparılır. Bir gün bu tədqiqatlar yer üzündə faydalı ola bilərmi? Kosmos tədqiqatları, şübhəsiz ki, yer üzündə biotexnologiyaların əhəmiyyətini artıra bilər. Kosmosda radiasiyanın hökm sürdüyü şəraitdə yeni bioloji adaptasiyaları öyrənə bilərik. Məsələn, proteinlərin molekulyar baxımdan fərqli davranışları var. Bu təcrübələr səhiyyədə yeni tədqiqatlar üçün baza ola bilər. Bundan əlavə, gələcəkdə kosmosda qurulacaq texnoloji laboratoriyalar dünya üçün daha iqtisadi və effektiv biotexnologiyaların inkişafına səbəb olacaq. Radiasiyaya qarşı davamlı bioloji sistemlər öyrənilərək insan orqanizminə tətbiq edilə bilər. Bu yaxınlarda "ChatGPT" sizi mükafatlandırdı. Bu barədə hisslərinizi necə ifadə edə bilərsiniz?"ChatGPT" kimi süni intellekt sistemlərinin sahələr üzrə potensialı təsir edicidir. Mən özüm də bir modelin ilkin versiyasını test edənlərdən olmuşam. Bu texnologiyalar innovasiyaları dəstəkləyir və hətta fərdi istifadəçilərə mütərəqqi məqsədlər üçün böyük imkanlar təqdim edir. Mükafat verilməsi isə yalnız fərdi bir şərəf deyil, həm də texnologiyanın inkişafına və onun reallaşma potensialına olan etimadı simvolizə edir. Bu, süni intellektin qlobal miqyasda tanınması və onun faydalarının daha geniş sahələrə tətbiq olunması üçün önəmli bir addımdır. Dərya bəy, 2025-ci ildə süni intellekt sahəsində hansı yeniliklər gözlənilir? Qeyd edim ki, 2025-ci ildə süni intellekt sahəsində böyük irəliləyişlər gözlənilir. Xüsusilə tibbi diaqnostika, genetik tədqiqatlar və təhsil sahələrində yeni tətbiqlər reallaşacaq. Düşünürəm ki, süni intellektin daha da inkişaf etməsi cəmiyyətin müxtəlif sahələrində effektivliyi və innovasiyanı artıracaq. Sizinlə söhbət etmək çox xoş oldu. Dəvətimizi qəbul edib müsahibə verdiyiniz üçün təşəkkür edirik. Mən də təşəkkür edirəm, ümid edirəm, oxucularınız üçün maraqlı bir müsahibə olacaq.Gülbəniz Hüseynli / Metbuat.az