AZ

Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər

Astana, 24 yanvar, AZƏRTAC

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlana bilər.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

O qeyd edib ki, Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərlə yanaşı, ICAO-nun nümayəndələri də istintaqa qoşulub.

“Aviasiya rəhbərliyi bir aydır ki, hadisəni ICAO standartlarına uyğun olaraq araşdırır. Təxminən 17-18 nəfər - Rusiya, Azərbaycan, Qazaxıstandan olan ekspertlər bu prosesdə iştirak edir. Ümidvarıq ki, ilkin hissə gələn həftə dərc olunacaq”, -deyə K.Bozumbayev bildirib.

O, həmçinin əlavə edib ki, təyyarə qəzasından sonra cinayət işi açılıb.

Baş nazirin müavini əlavə edib: “Bundan əlavə, cinayət işi açılıb, ballistik və partlayıcı-texniki ekspertiza aparılır. Güc strukturlarımız sıx təmasda işləyirlər”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Bundan əvvəl Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyadakı “qara qutu”ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
31
15
azertag.az

10Mənbələr