AZ

Futbol mütəxəssisi: “Qarabağ”ın buraxdığı qollar qapıçının zəif çıxışının nəticəsi idi

Bakı, 24 yanvar, AZƏRTAC

“Bakıda çox ağır və gərgin matç izlədik. Görüşün Rumıniya klubunun qələbəsi ilə yekunlaşması hər birimizi təəccübləndirdi və məyus etdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Adil Şükürov “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda Bakıda Rumıniyanın FKSB komandasına 2:3 hesabı ilə məğlub olduğu oyun barədə danışarkən deyib.

O, matçdan öncə heç kimin belə hesabın qeydə alınacağını təxmin etmədiyini bildirib: “Fikrimcə, matçın nəticəsinə baxmayan hər bir kəs sırf oyunu izləyərək, “Qarabağ”ın yekunda böyükhesablı qələbə qazandığını düşünərdi. Lakin rəqib gedişatda standart vəziyyətlər zamanı buraxılan səhvlərdən və boşluqlardan yaxşı istifadə etdi. Amma ümumi oyun ağdamlıların üstünlüyü ilə keçdi. Statistik göstəricilərə əsasən, hücumların sayı və qol epizodları bizdə daha çox idi. Amma futbolda belə şeylər olur ki, bu da son dönəmlərdə ən çox “Qarabağ”ın başına gəlir. Mövsümün əvvəlindən avrokuboklarda keçirdikləri görüşlərin əksəriyyətində yaxşı oynamalarına baxmayaraq, bir çox matçdan məğlubiyyətlə ayrıldılar. Qurban Qurbanovun da bildirdiyi kimi, artıq komandanın avrokubok şansları bitdiyinə görə gələcəyə baxmaq lazımdır. Yeni kollektiv formalaşdırmaq lazımdır ki, bu səhvlər və çatışmazlıqlar növbəti qarşılaşmalarda təkrarlanmasın. Komandada hər il yeniliklər olmalıdır. Bu, vacib yox, mütləqdir. Yalnız lazımlı, komandaya fayda verə biləcək futbolçular tapıldıqdan sonra heyətə cəlb olunmalıdır. Transfer xatirinə də oyunçu almaq düzgün deyil. Yeni transferlərdən düzgün istifadə edilməyəndə, bu, komandanın xeyrinə yox, ziyanına olur”.

Mütəxəssis Ağdam təmsilçisinin yeni transferləri Aleksey Kaşuk və Emmanuel Addainin Rumıniya klubu ilə görüşdə ümidləri doğrultmadığını söyləyib: “Xüsusilə də Kaşuk dünən zəif çıxış etdi. Amma komanda daxilində verilən tapşırıqlardan da çox şey asılıdır. Baş məşqçinin hansı mövqedə hansı təlimatları verdiyini və futbolçulardan nələrin tələb olunduğunu bilmirik. Yalnız bunları öyrəndikdən sonra oyunçunun matçdakı çıxışını qiymətləndirmək olar”.

A.Şükürov “köhlən-atlar”ın hər üç qolu qapıçı Fabiyan Buntiçin səhvi ucbatından buraxdığını vurğulayıb: “Standart vəziyyətlərdən qollar buraxmaq Azərbaycan futbolunda həmişə problem olub. Rumıniya klubu ilə oyundakı qollar məhz Buntiçin səhvlərinin acı nəticəsi idi. Əsasən də ilk hissənin son dəqiqələrində vurulan qolda qapıçımız topa tərəf getsəydi, inanmıram ki, qol olardı”.

Veteran futbolçu “Qarabağ”ın bu mövsüm avrokuboklardakı uğursuz çıxışının turnirin yeni formatı ilə əlaqəli olmadığını deyib: “Bu amil böyük “beşlik”də olan klublara daha çox təsir edə bilər. Böyük komandalar Avropada hər 3-4 gündən bir oyun keçirdiyi üçün çatışmazlıqlar olur, problemlər ortaya çıxır. Ancaq Azərbaycanda matçlar 5-6 günlük fasilə ilə keçirilir. Bu da futbolçuların tam olaraq bərpası üçün yetərlidir”.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.

Seçilən
7
50
azertag.az

10Mənbələr