AZ

"Qələbəyə layiq idik" - Fabian Buntiç

style='margin-bottom:10px;'>

“Qarabağ”ın qapıçısı Fabian Buntiç UEFA Avropa Liqasının 7-ci turunda FCSB-yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- FCSB ilə matçda 2 dəfə hesabda önə keçsəniz də, yekunda uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Oyuna yaxşı başlamışdıq. Erkən qol da vurduq. Təəssüf ki, standart vəziyyətlərdən qollar buraxdıq. Ən pisi də odur ki, rəqibi məyus etdikdən dərhal sonra qapımızda qol gördük. Halbuki oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqib hər top uğrunda vuruşurdu. Düşünürəm ki, bəxtimiz gətirmədi. Nəticə layiqli deyil. Rəqiblə müqayisədə biz qələbəyə daha layiq idik.

- “Qarabağ” standart vəziyyətlər zamanı niyə əziyyət çəkir?

- Künc zərbəsindən qapımızda 3 qol gördük ki, bu da çox məyusedicidir. FCSB standart vəziyyətlərdən çox yaxşı istifadə edir. Xüsusən də künc zərbələrindən. Bizdə isə sanki bir addım, 10 sm çatışmırdı. Avropa oyunlarında bir addım belə həlledici olur. Təəssüf ki, belə alındı.

- Bəs biz niyə künc zərbələrindən istifadə edə bilmirik?

- Tərz fərqi var. FCSB standart vəziyyətlərə üstünlük verən komandadır. Biz isə qısa ötürmələrə, sürətli hücumlara üstünlük verən komandayıq. Yəni, onların oyunu məhz standart vəziyyətlər üzərində qurulur.

- Meydanda Benzia və Juninyonun yeri görünürdü?

- Sözsüz ki, belə oyunçuların adları çəkiləndə istəyirsən ki, onlar da oynasınlar. Lakin düşünürəm ki, Juninyo və Benzianın yoxluğunda da yaxşı oynadıq. Qələbəyə daha layiq idik. Sadəcə xırda səhvlər qapımızda qollar görməyimizlə nəticələndi.

- Buna qədər cüzi də olsa, pley-off şansı var idi, artıq o da bitdi. Demək olar ki, “Qarabağ” “Olimpiakos” səfərinə turist kimi yollanacaq?

- Xeyr, bu fikirlə razı deyiləm. Yunanıstana turist kimi getməyəcəyik. Avropa Liqasında hər matç önəmlidir. Odur ki, qarşıdakı matçda da meydana yalnız qələbə üçün çıxacağıq. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Bizim üçün vacib matçdır. Yaxşı oyunla yaxşı nəticə əldə etməyə çalışacağıq.

- “Qarabağ” Avropada uğursuzluqla üzləşəndə bu, ölkə çempionatındakı rəqabətsizliklə əlaqələndirilir. Bu fikirlə razısınız?

- Sözsüz ki, Avroliqa ilə Azərbaycan çempionatı arasındakı səviyyə fərqi görünür. Lakin Avropadakı uğursuzluğu bu amillə əlaqələndirmək olmaz. “Qarabağ” daha əvvəl avrokuboklarda yaxşı nəticələr qazandığını göstərib. Razıyam ki, Azərbaycan çempionatında rəqabət güclü deyil. 1-2 oyun istisna olmaqla səviyyə yüksək deyil. Amma bu, avrokuboklardakı uğursuzluğa səbəb ola bilməz.

- Bəs uğursuzluqda format dəyişikliyinin nə dərəcədə təsiri oldu?

- Formatın nəticələrə aidiyyəti yoxdur. Futbolda belə hallar olur. Avropanın aparıcı klubları belə hansısa mövsümü yaxşı keçirmirlər. Məsələn, bu gün “Mançester Siti” istədiyi nəticələri qazana bilmir. Odur ki, bu, hər komandanın başına gələn haldır. İnanıram ki, “Qarabağ” növbəti mövsüm daha güclü qayıdacaq.

Seçilən
1
8
teleqraf.com

10Mənbələr