AZ

Analitik: Tramp administrasiyası dövründə İranda molla rejiminin devrilməsi mümkündür...

Donald Trampın inaqurasiya mərasimində çıxışı zamanı İran mövzusuna toxunmaması diqqət çəkib...

Kənan Novruzov: “Əslində Tramp administrasiyası İrana qarşı çox sərt mövqeydədir”.

“Düşünmürəm ki, Tramp administrasiyası İranla münasibətlərin normallaşmasında, yaxud da İrana qarşı münasibətin dəyişdirilməsində maraqlıdır”.

Bu sözləri analitik Kənan Novruzov Tramp administrasiyasının İrana qarşı münasibətini Poliqon-a şərh edərkən qeyd edib.

Əksər çıxışlarında İrana qarşı sərt bəyanatlar səsləndirən ABŞ Prezidenti Donald Trampın inaqurasiya mərasimində çıxışı zamanı bu mövzuya toxunmaması diqqət çəkib. Ekspertlər bu susqunluğu müxtəlif istiqamətlər üzrə dəyərləndirirlər. Bəzi iddialara görə, Tramp İranın təşvişə düşüb öncədən hazırlıq görməməsi üçün belə bir addım atıb. Sanki Tehrana Ağ Evin onunla bağlı planlarının olmadığını göstərməyə çalışıb. Lakin Vaşinqtonun İrana yaxın zamanda böyük hücuma hazırlaşdığına dair fikirlər də səsləndirilir.

Bəs, bu iddialar nə qədər real ola bilər? Tramp rəhbərliyindəki ABŞ hökumətinin Tehranla bağlı planları nələrdir?

Mövzunu Poliqon-un əməkdaşı analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Tramp İranın bir nömrəli düşmənidir, yaxud da İran Trampın bir nömrəli düşmənidir”.

İrana təzyiqlərin daha çox artırılmasının mümkün olacağını düşünən analitik Poliqon-a açıqlamasında hətta İranda molla rejimin devrilməsini də proqnoz edib:

“Əslində Tramp administrasiyası İrana qarşı çox sərt mövqeydədir. Bayden bu qədər İrana qarşı sərt deyildi. Tramp İranın bir nömrəli düşmənidir, yaxud da İran Trampın bir nömrəli düşmənidir. Mən düşünmürəm ki, Vaşinqton Tehranla münasibətləri hansısa mənada yumşaltmağa, loyallaşdırmağa çalışacaq. Əksinə təzyiqləri artıracaq. Məsələn, iki gün öncə ABŞ tərəfindən belə bir açıqlama verildi ki, İranın nüvə silahına sahib olması çox təhlükəli haldır, ciddi təhdidlər vəd edir.

Üstəlik onu da dedilər ki, hələlik İranla diplomatik dildə danışmaq istəyirik. Yəni düşünmürəm ki, dediyim kimi, Tramp administrasiyası İranla münasibətlərin normallaşmasında, yaxud da İrana qarşı münasibətin dəyişdirilməsində maraqlıdır. Ondan da başqa Tramp yəqin ki, Yaxın Şərqdəki mövcud vəziyyətdən, mövcud gərginlikdən də istifadə etməyə çalışacaq.

İrana təzyiqlərin daha çox artırılması mümkündür. Mən proqnoz edirəm ki, məhz Tramp administrasiyası dövründə bəlkə də, bu il İranda molla rejiminin devrilməsi mümkündür. Molla rejimi deyəndə Ayətullah Xameneyiyin devrilməsi mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
8
50
poliqon.info

10Mənbələr