İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının səkkizinci iclası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov yanvarın 23-24-də Pakistanda səfərdə olub.
İslamabad şəhərində yanvarın 23-də Azərbaycan ilə Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə Elnur Məmmədov, Pakistan tərəfinə isə xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.
Müzakirələr çərçivəsində, 2024-cü ildə Prezident İlham Əliyevin Pakistana dövlət səfəri və səfər çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıda keçirilən COP29-un Liderlər Sammitində iştirakı dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin dinamik inkişafında yeni mərhələ kimi dəyərləndirilib. Hər iki tərəf münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib.