Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 12-ci turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun gününün yeganə qarşılaşması B qrupu çərçivəsində baş tutub.
Lənkəranda bu şəhərin eyniadlı komandası “Sumqayıt”la görüşüb. Çempionatın autsayderi olan meydan sahibləri növbəti məğlubiyyətə üzülüblər – 90:93.
Xatırladaq ki, 12-ci turun daha əvvəl keçirilən görüşlərində “Abşeron” “Sərhədçi”ni 86:79, “Sabah” isə “Neftçi”ni 75:65 hesabı ilə məğlub etmişdi. Tura yanvarın 26-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
B qrupu, 12-ci tur
24 yanvar
“Lənkəran” – “Sumqayıt” 90:93 (20:25, 20:19, 26:24, 24:25)
Lənkəran Olimpiya İdman Kompleksi.
Xallar: Şəki – 20. Ordu – 19. Gəncə – 19. Sumqayıt – 16. Quba – 14. Lənkəran – 14.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.