Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 12-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında B qrupunda yer almış “Şəki” və “Ordu” komandaları üz-üzə gəliblər.
Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada meydan sahibləri 87:74 hesabı ilə qalib gəliblər. Bu qələbə “Şəki”ni zirvəyə daşıyıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Abşeron” “Sərhədçi”ni (86:79), “Sabah” “Neftçi”ni (75:65), “Sumqayıt” “Lənkəran”ı (93:90), “Gəncə” “Quba”nı (96:78), NTD isə “Naxçıvan”ı (90:70) məğlub etmişdi.
Azərbaycan Basketbol Liqası
B qrupu, 12-ci tur
26 yanvar
“Şəki” – “Ordu” 87:74 (22:7, 24:17 25:24 16:26)
Şəki Olimpiya İdman Kompleksi.
Xallar: 1. Şəki – 22. Gəncə – 21. Ordu – 20. Sumqayıt – 16. Quba – 15. Lənkəran – 14.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.