"Azərbaycanda magistratura yalnız formal xarakter daşıyır, bakalavr səviyyəsi ilə heç bir fərqi yoxdur".
Xezerxeber.az-ın xəbərinə görə, bu sözləri Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiya mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, hazırda ölkədəki universitetlərdə magistratura səviyyəsində tədris olunan dərslər bakalavr proqramlarında keçirilən fənlərdən ciddi şəkildə fərqlənmir. Bu isə ixtisası üzrə mütəxəssisləşmək üçün magistratura təhsili alan tələbələrin gözləntilərini doğrultmur.
Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, magistratura səviyyəsində daha çox təcrübə yönümlü layihələr və interaktiv dərs metodları tətbiq edilməli, tələbələrin ixtisas üzrə real iş mühitinə uyğunlaşmasına imkan yaradılmalıdır.
Elə magistratura tələbələri də proqramların praktiki cəhətdən daha da genişləndirilməsini istəyirlər.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, cari ildə magistratura proqramlarının yenilənməsi nəzərdə tutulur. Bunun üçün müvafiq işçi qrupları formalaşdırılır və ilk dəfə olaraq proqramların hazırlanmasına rəhbərlik akademik mühitlə yanaşı, işə götürənlərdən də olan nümayəndələrə həvalə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.