AZ

Proporsional seçki sisteminin tətbiqi – Bu, partiyalara nə vəd edir?

Seçki sistemi hər bir sivil ölkədə konstitusiya hüququnun ən əsas institutlarından biridir. Dünyanın demokratik ölkələri bu sistemə xüsusi diqqət yetirirlər. 

Seçki sistemi nəinki hüquqi əhəmiyyətə malikdir, həm də hakimiyyətin formalaşdırılmasına birbaşa aidiyyəti olduğundan, bir siyasi institutdur və siyasi əhəmiyyətə malikdir. Seçkinin bir institut kimi sistem adlandırılması da təsadüfi deyildir. O, sistemin bütün əlamətlərinə malikdir və digər sistemlərlə üzvi əlaqədədir. O da sistemi kimi müxtəlif ünsürlərdən təşkil olunub və bu ünsürlər arasında sabit, qırılmaz əlaqə mövcuddur. 

Bütün sistemlər kimi, seçki sistemində də hər hansı bir ünsürə, elementə edilən təsir rezonans kimi sistemin digər bütün ünsürlərinə yayılır. Başqa sözlə, seçki sisteminin subyektlərində sosial-psixoloji dəyişikliyin baş verməsi dərhal başqa ünsürlərə, dəyərlərə təsir edir. Hazırda dünya praktikasında istifadə olunan 3 seçki sistemindən istifadə edilir. Bunlar majoritar, proporisonal və qarışıq seçki sistemləridir. Hazırda ölkəmizdə majoritar seçki sistemi tətbiq edilir.

 Lakin bir çox partiya rəhbərləri və siyasi analitiklər digər seçki sistemlərinin tətbiqinin ölkənin siyasi həyatında müsbət canlanma və daha rəqabətli mühitin yaranmasına gətirib çıxaracağını bildirir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, qarışıq seçki sisteminin tətbiqi ilə paralel partiyadaxili demokratiyanın və siyasi təşkilatların seçkili orqanlarının müəyyənləşdirilməsi ilə, o cümlədən şəffaf ilkin seçki mexanizmlərinin ilə bağlı hüquqi əsasların formalaşdırılması da olduqca vacibdir:

“Ölkəmizdə konstitusiya islahatlarının zəruriliyi ilə bağlı, artıq bir neçə ildir ki, əsasən media resurslarında siyasi partiyaların rəhbərləri və funksionerləri, ekspert və politoloqlar tərəfindən müxtəlif səpkili müzakirələr aparılır. 

Bu müzakirələrin əsasında dayanan informasiyaların əhəmiyyətli hissəsinin konkret predmeti olmadığı və təbii ki, öz rəsmi mövqelərdə öz təsdiqini tapmadığı üçün, indiki halda konkret istiqamət üzrə mövqe bildirmək mümkün deyil. Konstitusiya ölkənin ana qanunudur və ona tez-tez əlavə və dəyişikliklərin edilməsinin də zəruri olduğunu düşünmürəm. Çünki bu halda hər bir əlavə və dəyişikliyə uyğun olaraq, bir sıra hüquqi-normativ aktlara da yenidən baxmaq zərurəti yaranır. Proporsional seçki sisteminin, daha doğrusu qarışıq sistemin tətbiqi ilə bağlı müzakirələrə gəldikdə isə, normal yanaşıram. Amma bununla yanaşı, partiyadaxili demokratiyanın və siyasi təşkilatların seçkili orqanlarının müəyyənləşdirilməsi ilə, o cümlədən şəffaf ilkin seçki mexanizmlərinin ilə bağlı hüquqi əsasların formalaşdırılmasını da vacib sayıram”.

Millət Vəkili Fazil Mustafa qeyd edib ki, bundan öncə də sözügedən mövzu dəfələrlə gündəmə gəlib:

“Proporsional seçki sistemi ilə bağlı məsələ dəfələrlə gündəmə gətirilib. Hələki bu istiqamətdə hansısa bir izlənib yaxud gözlənti yoxdur. Referendumun keçirilib-keçirilməyəcəyi ilə bağlı dəqiq məlumatım yoxdur. Ancaq seçki sistemi ilə bağlı məsələ siyasi partiyalar tərəfindən də dəfələrlə qaldırılıb. Hələki konstitusiyada seçki sistemi kimi majoritar sistem nəzərdə tutulub. Bunun üçün konstitusiya islahatı olmalıdır. Hələki bununla bağlı hansısa təklif, təşəbbüs və ya iradə ortaya qoyulmayıb”.

Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, proporsional seçki sistemi Azərbaycanda ideoloji partiyaların yaranmasına səbəb olar:

“Azərbaycanda konstitusiya dəyişiklikləri haqqında danışan, təkliflər verən partiyalardan biri bizim partiyadır. Artıq bir neçə ildir ki, biz bu haqda danışırıq. Proporsional seçkiyə keçid bunun əsas istiqamətlərindən biri olmalıdır. Çünki bunun üçün konstitusiya dəyişməlidir. Proporsional seçki çox önəmlidir. Bu ölkədə siyasi institutları gücləndirəcək və rəqabəti artıra biləcək amilə çevrilə bilər. Bundan başqa proporsional seçki siyasətə marağı artıracaq. 

Partiyaların güclənməsi ölkədə siyasi institutların güclənməsi ilə yadda qalacaq. Bundan başqa ideoloji partiyaların yaranmasına səbəb olacaq. Bizdə ən böyük problemlərdən biri odur ki, qeydiyyatdan keçmiş partiyaların hamısının aşağı-yuxarı nizamnaməsi də, məramnaməsi də eynidir. Bu ideoloji partiya olmaq demək deyil. Bizdə müxalif partiyalar daha çox şəxs ətrafında formalaşır. Ona görə də proporsional seçkiyə keçid həm siyasi münasibətləri sağlamlaşdıracaq, həm institutları gücləndirəcək, həm də ideoloji partiyaların yaranmasına səbəb olacaq”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır.  

 


Telegram kanalımız
Seçilən
12
34
yenisabah.az

10Mənbələr