AZ

Ahmed Kutucu 5,96 milyon avroya “Qalatasaray”da

Türkiyənin “Eyüpspor” klubunun sol vingeri Ahmed Kutucu bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İstanbul nəhənginin rəsmi saytına istinadən məlumat verir.

24 yaşlı hücumçu ilə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb. “Qalatasaray” bu transfer üçün “Eyüpspor”a 5,96 milyon avro ödəyib.

Almaniyada dünyaya göz açmış Ahmet Kutucu peşəkar karyerasına “Şalke”də başlayıb. O, bu klubda olarkən “Herakles Almelo”da icarədə də olub. 2021-ci ildə “Başakşəhər” Kutucunu Türkiyəyə gətirib. Hücumçu İstanbul klubunda olarkən icarə əsasında “Sandhauzen”də də oynayıb. 2023-cü ilin avqustunda “Eyüpspor” “Başakşəhər”ə 1,32 milyon avro ödəməklə Ahmeti heyətinə qatmışdı. O, bu klubun heyətində meydana çıxdığı 42 oyunda 23 qol vurub, 11 məhsuldar ötürmə verib.

Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da oynamış Ahmet Kutucu 2019-cu ildə əsas millidə debüt edib. O, yığmada keçirdiyi 2 oyunda fərqlənə bilməyib.

“Qalatasaray” gənc hücumçusu Eren Aydını da “Sarıyer”ə icarəyə verib. 21 yaşlı forvard bu mövsümün sonunadək icarədə olacaq.

Eren Aydın “Qalatasaray”ın öz yetirməsidir. O, daha öncə “Niğde Anadolu”, “Çorum”, “Boluspor”da da icarədə olub. Gənc hücumçu 2022/2023 mövsümündə də “Sarıyer”də icarədə çıxış edib.

Ahmet Kutucunu “Qalatasaray”a satan “Eyüpspor”un digər hücumçusu Canni Bruno da “İğdır”a keçib. 33 yaşlı belçikalı forvard bu klubdan azad agent kimi ayrılıb və yeni komandası ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.

Canni Bruno karyerası ərzində “Lill”, “Bastiya”, “Evian”, “Loryan”, “Krılya Sovetov”, “Serkl Brügge”, “Sulte Varegem”, “Gent”, “Sent Trüden” kimi klubların da şərəfini qoruyub. O, 2023-cü ilin avqustundan forma geyindiyi “Eyüpspor”da 48 oyun keçirib, 21 qol vurub, 6 məhsuldar ötürmə verib. Təcrübəli hücumçu Belçikanın müxtəlif yarş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Eyüpspor” və “Göztəpə”də yeni oyunçular

“Eyüpspor” gedənlərin əvəzində “Göztəpə”nin mərkəz yarımmüdafiəçisi Yalçın Kayanla güclənib. Transferin detalları açıqlanmasa da, 25 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

“Altay”ın yetirməsi olan Yalçın Kayan “Altınordu”, “Karşıyaka” kimi klublarda oynayıb. O, 2016-cı ildən formasını geyindiyi “Göztəpə”də 144 oyun keçirib, 13 qol və 4 assist müəllifi olub.

Yalçın Kayanla vidalaşan “Göztəpə” də heyətinə yeni oyunçu cəlb edib. Sözügedən klub Braziliya təmsilçisi “Atletiko Paranaense”dən Emersonn ilə güclənib. İzmir təmsilçisi 20 yaşlı hücumçu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb. Gənc forvard yetirməsi olduğu “Atletiko Paranaense”nin əsas komandasında 13 oyun keçirsə də, fərqlənə bilməyib.

Seçilən
5
50
arena.az

10Mənbələr