AZ

Debütant ÇL-in son finalçısına 4 qol vurdu! - İCMAL

Bundesliqada bu mövsüm ilk dəfə həftəiçi tur keçirildi. Çərşənbə axşamı və çərşənbə günü keçirilən oyunlarla ilk dövrəyə rəsmən yekun vuruldu. Tur məhsuldar və maraqlı oyunlara səhnə oldu.

Dortmund “Borussiya”sı debütant “Holştayn”ın qonağı oldu. İlk baxışdan düşünmək olardı ki, “arılar”ın əlinə uğursuzluq zolağından çıxmaq üçün əla fürsət düşüb. Çünki tarixində ilk dəfə elitada oynayan və düşmə zonasında qərarlaşan “Holştayn”ın cəmi 2 qələbəsi var idi. Amma bu komanda ilk yarıda Çempionlar Liqasının son finalçısının qapısına 3 cavabsız qol vurdu! Özü də ötən tur “Bayer-04”lə oyunda “Borussiya” müdafiədə təcrübəsiz gənclərə bel bağlamaq məcburiyyətində qalmışdısa, bu dəfə əsas futbolçuların hamısı heyətdə idi. Ona görə də belə fiaskoya izah tapmaq çətindi. Qonaqlar oyunun sonlarına yaxın 2 qolun əvəzini çıxsalar da, davamı gəlmədi. Üstəlik son saniyələrdə qazanılan künc zərbəsi zamanı irəli yollanan Kobel qapını boş buraxdığından “Holştayn” daha bir qol vuraraq yekun nəticəni müəyyənləşdirdi. Son 6 turda cəmi 1 qələbəsi olan “Borussiya” ilk dövrəni 25 xalla 10-cu pillədə tamamladı. Bu, komandanın son 10 ildəki ən zəif göstəricisidi! Qəribədi ki, rəhbərlik hələ də Nuri Şahini qovmağa tələsmir.

Son 3 turda “Bavariya” üzərində qələbə də daxil olmaqla maksimum nəticə qazanan “Maynts-05”, gözlənildiyi kimi, “Bayer-04”ün əsəbləri ilə oynamağı bacardı. Amma “karnavalçılar”ın sürprizə gücü çatmadı. Qrimaldonun cərimə zərbəsindən vurduğu qol Xabi Alonsonun komandasına rəsmi matçlarda ardıcıl 10-cu qələbəni qazandırdı. “Ayntraxt” “Frayburq”u, “Volfsburq” isə Münhenqladbax “Borussiya”sını darmadağın etdi. Karyerasının ən yaxşı mövsümünü keçirən Marmuş adını “Ayntraxt”ın tarixinə yazdırmaqda davam edir. Ötən həftə bu klubun tarixində bundesliqada mövsümün ilk 16 oyununda 14 qol vuran ilk futbolçu olan misirli bu dəfə ilk 17 turda 15 qol vuran ilk futbolçuya çevrildi!

Çərşənbə günü keçirilən oyunlara gəlincə, “Sankt Pauli”ni minimal hesabla yenən autsayder “Bohum” mövsümdə cəmi 2-ci qələbəsini qazandı. Şteffen Baumqart hələ ki “Union”u böhrandan çıxara bilmir. Paytaxt təmsilçisi bu məşqçinin başçılığı altında keçirdiyi ikinci oyunda da qola və xala həsrət qaldı. Rəsmi matçlarda qələbəsiz seriyası 11 oyuna çatan “Union” son 10 turda cəmi 2 xal toplayıb! Turun ən dramatik oyunu Bremendə keçirildi. “Verder” “Haydenhaym”la qarşılaşmada 3 dəfə hesabda önə keçsə də, qonaqlar hər üç halda bərabərlik qolunu vurmağa müvəffəq oldu. “Haydenhaym” bundesliqada sentyabrdan bəri ilk dəfə səfərdə xal qazanmağa müvəffəq oldu. ÇL iştirakçılarının – “Ştutqart”la “Leyptsiq”in dueli baxımlı alındı. “Öküzlər” Şeşkonun qolu ilə fasiləyə öndə yollansalar da, şvabiyalılar 2-ci hissədə geridönüş etməyi bacardılar. Son 5 turda 4-cü qələbəsini qazanan “Ştutqart”ı “ÇL zonası”ndan artıq cəmi 1 xal ayırır. Lider “Bavariya” bu tur heç bir problem yaşamadı. Son 8 rəsmi oyunda qələbəsi olmayan və çox zəif mövsüm keçirən “Hoffenhaym” “Alyants Arena”da pərən-pərən düşdü.

Maraqlıdı ki, qonaqların baş məşqçisi Kristian İltser ilk dövrəni “Şturm”da icarədə keçirən və bu qış geri çağrılan gənc türkiyəli forvard Ərəncan Yardımcıya belə bir çətin oyunda start heyətində şans verdi. Ötən mövsüm “Pendikspor”da oynayan 22 yaşlı futbolçu, təbii ki, “Bavariya”nın müdafiəçiləri arasında itib-bataraq artıq fasilədə əvəzləndi. Penaltidən fərqlənməklə növbəti qolunu vuran və bombardirlər yarışında liderliyi davam etdirən Keyn indiyə qədər bundesliqada yerinə yetirdiyi 12 penaltinin hamısını qola çevirib. Bu, turnirin tarixinin 3-cü ən yaxşı göstəricisidi. Yalnız Hans-Yoahim Abel (16) və Lüviq Nolden (15) heç birini qaçırmadan ondan daha çox penaltini dəqiq vurub.

17-ci tur
Bavariya – Hoffеnhaym 5:0

Sane, 6; 48. Gerreyro, 12. Keyn, 26-p. Qnabri, 66. (75000)
Bavariya: Noyer, Gerreyro, Dayer, Upamekano (Qoretska, 61), Devis, Pavloviç, Kimmix, Sane (Olise, 67), Müller (Musiala, 81), Koman (Tel, 46), Keyn (Qnabri, 61).

Bayеr-04 – Maynts-05 1:0
Qrimaldo, 48. (30210)
Bayer-04: Kovarj, Frimponq, Mukiele, Tapsoba, İnkapye, Qrimaldo, Caka, Qarsiya, Palasios, Virts (Terrye, 88), Şik (Tella, 63).

Holştayn – Borussiya D 4:2
Matino, 27. Harres, 32. Bernhardsson, 45+4. Arp, 90+9 – Reyna, 72. Gittens, 78. (15034)
Borussiya: Kobel, Ryuyerson (Anton, 46), Əmrə Can, Şlotterbek, Bensebayni (Bayer, 46), F.Nmeça, Brandt, Zabitser (Reyna, 59), Dyuranvill (Kouto, 59), Gittens, Girassi.

Ştutqart – Lеyptsiq 2:1
Bruun Larsen, 50. Voltemade, 60 – Şeşko, 10. (57500)
Ştutqart: Nübel, Vaqnoman, Əl-Daxil (Ruo, 63), Şabo, Hendriks, Karazor, Ştiller, Bruun Larsen (Levelinq, 63), Fürix (Keytel, 83), Dəniz Undav (Miyo, 74), Voltemade (Demiroviç, 75).
Leyptsiq: Qulaçi, Baku, Klostermann (Bitşiabu, 70), Orban, Zayvald, Raum (Nusa, 66), Vermeeren, Kampl (Qeertruyda, 71), Simons (Baumqartner, 66), Şeşko, Openda.

Ayntraxt F – Frayburq 4:1
Kox, 43. Marmuş, 65. Ekitike, 71. Kollins, 81 – Doan, 37. (56500)
Ayntraxt: Trapp, Kristensen (Tuta, 80), Kollins, Kox, Teate, Braun (Knauff, 72), Skiri, Larsson (Höylunn, 80), Götse (Mahmud Dahud, 88), Marmuş, Ekitike (Can Uzun, 81).

Volfsburq – Borussiya M 5:1
Vind, 3-p. Mehle, 60. Arnold, 75. L.Nmeça, 84; 87 – Fukuda, 89. (20519)

Verder – Haydenhaym 3:3
Qrüll, 1; 79. Dukş, 56 – Şöppner, 30. Kerber, 61. Skientsa, 90+5. (39350)

Union – Auqsburq 0:2
Klod-Moris, 8; 30. (21560)

Bohum – Sankt Pauli 1:0
Hofmann, 66. (26000)

1. Bavariya 17 13 3 1 53-13 42
2. Bayer-04 17 11 5 1 41-23 38
3. Ayntraxt F 17 10 3 4 40-24 33
4. Leyptsiq 17 9 3 5 29-24 30
5. Ştutqart 17 8 5 4 32-26 29
6. Maynts-05 17 8 4 5 30-21 28
7. Volfsburq 17 8 3 6 38-29 27
8. Frayburq 17 8 3 6 25-30 27
9. Verder 17 7 5 5 31-32 26
10. Borussiya D 17 7 4 6 32-29 25
11. Borussiya M 17 7 3 7 26-26 24
12. Auqsburq 17 5 4 8 19-33 19
13. Union 17 4 5 8 14-23 17
14. Sankt Pauli 17 4 2 11 12-21 14
15. Haydenhaym 17 4 2 11 23-36 14
16. Hoffenhyaym 17 3 5 9 20-34 14
17. Holştayn 17 3 2 12 25-43 11
18. Bohum 17 2 3 12 14-37 9

Bombardirlər: Keyn (Bavariya) – 16, Marmuş (Ayntraxt F) – 15, Burkardt(Maynts-05) – 12, Şik (Bayer-04) – 11.

Turun rəqəmi
504 – 17-ci turdan sonra bu mövsüm bundesliqada vurulan qolların sayı 504-ə çatdı. Bu da o deməkdi ki, XXI əsrdə ən məhsuldar mövsüm izləyirik! Almaniya çempionatında sonuncu dəfə ilk 17 turda indikindən daha çox qolun vurulmasına 39 il öncə rast gəlinib. 1985/86-nın ilk 17 həftəsində 539 qol vurulmuşdu.

Turun ulduzu
Aleks Qrimaldo (Bayer-04) – təcrübəli müdafiəçi yenə standart zərbələri əla yerinə yetirmək bacarığı sayəsində son çempionu büdrəməyə qoymadı və zirvədə xal fərqinin artmasına mane oldu. Qrimaldo ötən mövsümdən bəri bundesliqada cərimə zərbəsindən artıq 3-cü qolunu vurdu. 2023/24-ün startından bu yana “böyük beşlik” çempionatlarında heç bir futbolçu belə göstərici ilə öyünə bilməz.

Turun sitatı
Nuri Şahin, Dortmund “Borussiya”sının baş məşqçisi:
“Mən və istefaya göndərilə biləcəyim haqda bu qədər söz-söhbətin dolaşmasının səbəbi bəllidi. Bu klubun məşqçisi mənəm və nəticəyə görə də mən məsuliyyət daşıyıram. Bu məsuliyyəti üzərimdən ata bilmərəm. Futbolda işlərin necə qurulduğunu bilirəm. Burda hər şeyə, eləcə də məşqçinin işinə nəticələrə görə qiymət verilir. Amma məni bu dəqiqə istefam yox, “Borussiya”nın durumu maraqlandırır. Bu mövsüm sabit oynaya bilmirik. Amma inanıram ki, hələ də vəziyyəti dəyişməyə gücümüz çatacaq”.
Seçilən
16
50
football-plus.az

10Mənbələr