2024-cü ildə ABŞ-nin nüfuzlu universitetlərindən birinə qəbul olan və təqaüd hüququ qazanan həmyerlimiz Gülnur Ağakişiyevanın nailiyyəti barədə yerli mediada çoxsaylı xəbərlər paylaşılmış, onun həm ölkədaxili, həm beynəlxalq olimpiadalarda qazandığı böyük uğurlarından bəhs edilmişdi.
G.Ağakişiyeva hazırda Corc Vaşinqton Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsilini davam etdirir. Gənc həmyerlimiz "Far.Az"un yerli bürosunun suallarını cavablandırıb və təhsil həyatında qazandığı böyük uğura gedən yoldan, bu yolda qarşılaşdığı problemlərdən bəhs edib, ABŞ-də təhsil arzusunda olan gənclərə məsləhətlər verib.
- Gülnur, necə oldu ki, ABŞ-də təhsil almaq istədiniz?
- Sumqayıt şəhərində dünyaya göz açmışam, ailədə böyük övladam, bir kiçik bacım da var. Bakının müxtəlif məktəblərində oxumuşam, 1 saylı orta məktəbdən xüsusi nişanla məzun olmuşam. Bütün uğurlarımda valideynlərimin böyük əməyi var. Onlar mənə hər zaman deyirdilər ki, əgər sən çalışsan, mütləq şəkildə istədiyin hər şeyi əldə edəcəksən. ABŞ-də təhsil mənim sadəcə uşaqlıq xəyalım deyil, həm də hədəfim idi. Hədəfimə nail olmaq üçün məqsədyönlü şəkildə irəliləmişəm. Kiçik yaşlarımdan siyasət, diplomatiya, ölkəmizin beynəlxalq arenada olan mövqeyi maraq dairəmdə olub. Məhz bu arzum məni Azərbaycandan ABŞ-yə gətirib. Ən böyük arzularımdan biri reallaşıb və 4 aydır Amerikada təhsilimi davam etdirirəm. Qeyd edim ki, Corc Vaşinqton Universiteti ilə yanaşı, ABŞ-nin daha 3, Kanadanın isə 2 ali təhsil ocağına qəbul olmuşdum.
- ABŞ-də tələbə olmaq nə deməkdir? Bu ölkənin təhsilini fərqli edən nədir?
- ABŞ-də təhsil sistemi müəyyən qədər fərqlidir. Əgər biz Azərbaycanda mərkəzləşdirilmiş imtahan verərək universitetlərə müraciət ediriksə, bu, ABŞ-də imtahanlar toplusudur. Əvvəlcə müəyyən beynəlxalq standartlara uyğun SAT, TOEFL və IELTS kimi imtahanlardan keçirik, sonra universitetlərin tələb etdiyi akademik yazı bacarıqlarını göstəririk. Özümüz haqqında, məşğuliyyət, bacarıqlar, maraq dairəsi, sosial həyat yazdığımız həmin akademik məqalələrdə öz əksini tapır. Universitet bununla bizim profilimizi müəyyən edir və bunu özlərinin tələbə profili ilə uyğunlaşdırır. Burada təhsil ocaqları tələbəyə ixtisasını bir qədər sonra, təhsilinin ikinci ilində seçmək şansı verir. Universitetin ilk ili tələbənin gələcəyini müəyyən edəcək ixtisası müəyyən etmək üçün verilən vaxtdır.
Burada inklüzivlik çox əhəmiyyətli mövzulardan biridir. Çünki Vaşinqton kimi şəhər müxtəlif dövlətlərdən və ştatlardan olan tələbələrin bir yerə toplandığı və bir-biriylə mədəni dialoq qurduğu məkandır. Paytaxtda olduğum üçün burada vaxtın çox sürətli getdiyini hiss edirəm. Hər kəs harasa tələsir və nə iləsə məşğuldur. Bütün tələbələr dərslərdən əlavə, müxtəlif proqramlarda çalışırlar. Burada sosial həyat digər ştatlarla müqayisədə daha üstündür. Bundan başqa, Vaşinqton həm də siyasi sferanın toplandığı bir yerdir. Burada Azərbaycanın səfirliyi də yerləşir.
- ABŞ-də təhsil arzusunda olan azərbaycanlı gənclərə hansı məsləhətlərin var?
- İndividual yanaşma ABŞ-də olan ali təhsil ocaqlarının təməlini təşkil edir. Buna görə də hər kəs bu göstəricini nəzərə almalı, öz arzu və istəklərini əvvəlcədən müəyyən etməlidir. Düşünürəm ki, 7-8-ci sinifdən etibarən şagird harada və hansı ixtisas üzrə təhsilini davam etdirəcəyini bilməlidir. Bu prosesdə Amerikada təhsil alan tələbələrlə əlaqə qurmaq, onların keçdiyi yolu izləmək daha asan və doğru istiqamətə aparacaq. Amerikada təhsil bir qədər qarışıq və mürəkkəb prosesdir. Mən şagirdlərə dəstək üçün bu yolda əlimdən gələni əsirgəmirəm.
- ABŞ-də hansı çətinliklərlə qarşılaşırsan?
- Hər bir işin başlanğıcı çətindir. Əsas odur ki, məqsədə fokuslanasan. Hədəfə çatmaq üçün qarşıya qoyulan maneələri dəf etmək lazımdır. Ötən illərlə müqayisədə indi Azərbaycandan xaricə gedib təhsil almaq daha əlçatan və asandır. Ən böyük çətinlik ABŞ-dən çox uzaq mühitdə olub, fərqli mədəniyyətə sahib ölkəyə təhsil üçün müraciət etməkdir. Siz mütləq şəkildə bu mədəniyyət barəsində məlumatlı olmalısınız. Bu mərhələ yorucu və bir qədər də çətindir. Sadəcə vaxt baxımından deyil, həm də bu prosesi uğurla tamamlamaq üçün kifayət qədər istək olmalıdır. 10-dan çox universitetə müraciət etmişdim, bunlardan 9-dan qəbul cavabı almışdım.
Qarşılaşdığım çətinliklərə gəlincə isə, bu, bir qədər fərdi məsələdir. Mənim təcrübəmlə digər tələbələrinki təbii ki eyni deyil. Vətənə çox bağlı insanam. Ona görə də Azərbaycan üçün çox darıxıram. Buradakı fəaliyyətimin istiqamətini müəyyən edən amil də Vətən sevgisi, vətənpərvərlik hissidir. Çalışıram ki, universitetin Azərbaycanlı Tələbələr Assosiasiyasında fəal olum. Azərbaycanla əlaqəli tədbirlərin keçirilməsi, müəyyən layihələrin icrası ilə bağlı fəaliyyətlərin təşkili kimi sahələrdə çalışıram. Hesab edirəm ki, Vətəni layiqincə təmsil etmək üçün bütün bilik və bacarıqları ortaya qoymaq vacibdir. Biz digər azərbaycanlı tələbələrlə birlikdə səylə çalışırıq. Ümidvaram ki, gələcəkdə bizim fəaliyyət istiqamətimiz daha da genişlənəcək və biz digər ştatlarda fəaliyyət göstərən azərbaycanlı tələbələrlə şəbəkə quracağıq. Çünki biz ancaq birlikdə güclü ola bilərik. Bu, həm fərdi, həm də təmsil etdiyimiz ölkənin inkişafını təmin edir.
- Təmsil olunduğunuz Azərbaycanlı Tələbələr Assosiasiyasının fəaliyyət istiqamətləri nədir?
- Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının xarici işlər üzrə vitse-prezidenti vəzifəsini icra edirəm. Bizim assosiasiyanın əsas məqsədi Azərbaycanın mədəniyyətini təbliğ etmək, onun tarixini, incəsənətini, mətbəxini amerikalılara tanıtmaq və mədəniyyətlərarası dialoq qurmaqdır. Bu çərçivədə müxtəlif ölkələrdən olan tələbələrdən ibarət assosiasiyalarla sıx əməkdaşlıq edirik, tədbirlər və görüşlər keçiririk. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə qonaq iştirak edir.
- Amerikalılar Azərbaycanı necə tanıyırlar?
- Azərbaycanın ABŞ-də olduqca pozitiv imici var. Bizi daha çox ev sahibliyi etdiyimiz Formula 1, COP29 kimi beynəlxalq yarış və tədbirlərdən tanıyırlar. Bakı haqqında məlumatlı olan insanlar var, bir neçə dəfə həmin şəxslərlə dialoqlarım olub. Azərbaycan tarixi onlara çox maraqlıdır, dəfələrlə öz dostlarıma bu barədə kiçik seminarlar vermişəm. Onlarda ən çox maraq doğuran bizim ölkənin bir çox mədəniyyətləri özündə birləşdirməsi və tolerantlığıdır. Azərbaycan mətbəxini də çox sevirlər. Vaşinqtonda ölkəmizin mətbəxinin təqdim olunduğu bir neçə məkan var və onlar həmin məkanlara tez-tez gedirlər.
- Karyera planlarınız nədir? ABŞ-də qalmağı, ya Azərbaycana qayıtmağı düşünürsünüz?
- ABŞ hökumətinin xarici tələbələrə verilən ən yüksək təqaüd proqramı ilə təhsil alıram. Bu proqramla 5 il müddətində universiteti bitirmək şansım var. Bakalavr və magistr təhsilimi burada tamamlayıb Azərbaycana dönməyi planlaşdırıram. ABŞ-də qazandığım bilik və bacarıqları Azərbaycanda tətbiq etməklə ölkəmə faydalı olmağı düşünürəm. Hazırda Azərbaycanın olduqca uğurlu xarici siyasəti var və özümü diplomat kimi yetişdirib bu siyasətin bir parçası olmaq niyyətindəyəm. Fəxr edirəm ki, ölkəmi uzaq Amerikada qürurla təmsil edirəm.