Müasir dövrün tələblərinə və şərtlərinə uyğun olaraq təhsil hər bir xalqın həyatında və inkişafında mühüm rol oynayır. Qloballaşan dünyada təhsilin müstəsna xidmətləri olan sahələr günbəgün artmaqdadır. Dünyanın qabaqcıl ölkələrində də məhz təhsilli cəmiyyət və təhsilin inkişafına böyük diqqət göstərilir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT Baş Assambleyasının 2018-ci ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü bütün dünyada qeyd olunur.
BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.
Beynəlxalq Təhsil Günü münasibəti ilə UNESKO-nun baş direktoru Odre Azulenin 2019-cu ilin yanvarındakı təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır.
UNESKO-nun baş direktoru hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb. 617 milyon uşaq və yeniyetmə isə oxuma və ibtidai hesablama bacarıqlarına malik deyil. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub.
Modern.az Beynəlxalq Təhsil Günündə Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü Elçin Əzimli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, tarixən azərbaycanlıların təhsilə marağı və həvəsi böyük olub:
“Hər zaman dünyadakı ən təhsilyönümlü cəmiyyətlərdən biri olmuşuq və indi də beləyik. Tariximiz təhsil və maarifçiliyin gözəl ənənələri ilə zəngindir. Sadəcə bir faktı deyim - sələflərimizin orta əsrlərdə Təbrizdə açdığı və təbiətşünaslıq, təbabət, fəlsəfə, məntiq, ilahiyyat, tarix kimi fənlərin tədris olunduğu "Rəbi-Rəşididə" darülfünunu Şərqin ən böyük təhsil ocaqlarından biri sayılırdı və burada 7 min tələbə təhsil alırdı. Ölkə ərazisindəki digər böyük şəhərlərimiz də Şərqin əhəmiyyətli təhsil mərkəzlərinə çevrilmişdi. Hazırda IV Sənaye İnqilabı dövründə yaşayırıq və bu dövrün təhsilimizin qarşısında qoyduğu əsas tələblərdən biri dünya təhsilinə inteqrasiya və beynəlxalq standartlara uyğunlaşdırılmadır. Elm və Təhsil Nazirliyinin yanında İctimai Şura olaraq nazirliyin müxtəlif qurumlarında, təhsil müəssisələrində mütəmadi görüşlər keçirir, müzakirələr aparırıq və təhsil sahəsində indiyə qədər görülən işləri, aparılan islahatları müşahidə etmək şansımız çox olub. Gördüklərim bir mütəxəssis olaraq təhsilimizin gələcəyi adına məndə nikbinlik yaradıb. Misal üçün, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərimizin müasir laboratoriyalarla və rəqəmsal siniflərlə təmin olunması əhəmiyyətli addımlardır”.
E.Əzimli bildirib ki, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesini cəsarətli addım sayır və bu prosesin müəllimlik peşəsinin ciddiyətinə və keyfiyyətinə böyük töfhə qazandıracağına, nəticədə isə müəllimliyin əmək bazarında yüksək rəqabətli peşəyə çevriləcəyinə inanır:
“Təhsil Nazirliyi tərəfindən müəllimlərin peşəkar inkişafını və davamlı təhsilini təmin etmək üçün müxtəlif mövzulu təlimlərin, seminarların və bənzər proqramlar təşkilini təqdirəlayiq addım olaraq qiymətləndirirəm. İctimai Şura olaraq ölkəmizdən fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrini gəzmək və yenilikləri ilə tanış olmaq şansımız da oldu. Gördüyümüz mənzərə budur ki, ali təhsil müssisələrimiz son illərdə beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma sistemlərinə inteqrasiya edərək təhsilin keyfiyyətini artırmağa çalışır. Təhsil müəssisələrinin beynəlxalq akkreditasiyasına diqqət yetirilir. Tələbələrə beynəlxalq sertifikatlar təqdim olunur. Mənə görə təhsil sahəsində atılan ən vacib addımlardan biri gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramıdır. Bu proqram minlərlə gəncimiz üçün dünya təhsilinin qapısını açıdı. İqtisadiyyatımız üçün ixtisaslı kadrların yetişdirilməsi, beynəlxalq təcrübənin qazanılması, sadəcə yerli deyil, eyni zamanda qlobal əmək bazarına uyğun kadrlar yetişdirilməsi nöqteyi-nəzərindən vacib olduğu kimi, yerli ali təhsil müəssisələrimizin də rəqabətədavamlı təhsilə yönəlmələri üçün vacib stimul oldu”.
Müsahibimiz sonda qeyd edib ki, təhsil davamlı və çevik şəkildə özünü yeniləyən canlı sistemdir və bu sahədə tam inkişafa nail olmaq hələ ki, alınmayıb və gediləcək yol çoxdur:
“Misal üçün, məktəblərimiz hələ də sadəcə müəyyən fənlərin tədrisinə fokuslanıb. Şagirdlərə emosional-sosial səriştələrin və liderlik bacarıqlarının aşılanması aşağı səviyyədədir, onların fərdi və psixoloji inkişafları isə demək olar ki, gündəmdə deyil. Təhsil proqramı IQ-nün monopoliyasından azad olmalıdır və ona emosional intellektlə əlaqədar mövzular da daxil olmalıdır. Əlbəttə ki, bu mövzuların canlı ötürücüsü olan müəllimlərimizin emosional dayanıqlılığını və savadlılığını da göz önündə tutmalıyıq. Digər vacib mövzu yerli təhsil müəssisələrimiz ilə müasir iş həyatı arasında ciddi uçurumların mövcudluğudur. Təəssüf ki, təhsilimiz davamlı şəkildə yenilənən və dəyişən iş dünyasının ehtiyaclarına çevik şəkildə uyğunlaşmaqda çətinlik çəkir. Təhsil sistemimizin “məhsulu” olan məzunlar müasir iş həyatı üçün tam arzuolunan keyfiyyətli “xammal” ola bilmirlər. Bundan başqa, məktəblərdə psixoloji xidmətlərin səviyyəsi qənaətbəxş səviyyədə deyil. Kiçik problemlər vaxtında üzərində işlənmədiyi üçün sonradan böyük münaqişələrə gətirib çıxarır. Şagirdlərin keçid və böhran dövrləri xüsusi nəzarətdə saxlanılırmı, onlar üçün çətin sayılan bu dövrlərdə hansısa mənəvi və psixioloji dəstək alırlarmı, təhsildə geri qalan və gündəlik ünsiyyətlərində mürəkkəb davranışlar sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işləri səmərəli şəkildə həyata keçirilirmi – düşünürəm ki, bu sualların üzərində daha çox işləmək lazımdır. Əlbəttə, sadaladıqlarım bir gün içərisində asan şəkildə həll olunan məsələlər deyil, səbr və zaman tələb edir. Bəzən də nəyinsə alınıb, ya da alınmayacağını bilmək üçün sadəcə sınaqdan keçirmək lazım gəlir”.