Hazırda şagirdlərin süni intellektdən istifadə etdiyini rahatlıqla təsdiqləyə bilərik. Onlar bizim onlara öyrətdiklərimizi həmin proqramlar vasitəsilə çox rahatlıqla öyrənə bilirlər. Əgər bu belədirsə, onda bizə ehtiyac varmı? Onlar niyə hər gün məktəbə getməlidirlər? Bax, bu bizi narahat etməlidir. Hazırda gördüyümüz işlər elə qurulmalıdır ki, peşəmiz itmə təhlükəsi ilə üzləşməsin.
“Operativ Media” xəbər verir ki, bu sözləri “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Təhsil İnstitunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O bildirib ki,itən ixtisaslardan danışarkən təhsil verənlərin yox olması çox qorxulu bir faktor kimi çıxış edə bilər: “Çünki bu gün məktəb və ya müxtəlif təhsil müəssisələri yalnız təfəkkürü formalaşdırmır. Eyni zamanda emosional intellekti də inkişaf etdirir. Yəni insanlarla davranmaq, onları başa düşmək, sosial münasibətləri öyrənmək və səhvləri düzəltmək bacarıqları təhsil müəssisələrinin ayrılmaz hissəsidir”.