Futzal üzrə 19 yaşlılardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsində 2-ci oyununa çıxacaq.
Arena.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marino yığması ilə qarşılaşacaq.
San Marinodakı “Multieventi Sport Domus”da baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xatırladaq ki, U-19 millimiz ötən gün baş tutan Kosovo yığması ilə görüşdə 4:1 hesablı qələbəyə sevinib. San Marino millisi isə ilk sınağında Kosovoya 1:7 hesabıyla uduzub. Bir sözlə, millimiz bu gün qrup oyunlarına ev sahibliyi edən San Marinonu da məğlub edə bilsə və ya ən azı heç-heçəyə nail olsa, qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacaq.
Qeyd edək ki, ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-na qədər keçiriləcək.
AÇ-2025-in seçmə mərhələsi
B qrupu
26 yanvar
San Marino – Azərbaycan
Hakimlər: Radim Cep (Çexiya), Adam Çene-Joo (Macarıstan), Jiri Berqs (Belçika).
Hakim-inspektor: Stefan Veber (Almaniya).
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya).
Timekeeper: Laurentiu İlie (San Marino).
Serravalle. “Multievent Sport Domus”. Saat 21:00.