İsveçrə Ukrayna ilə bağlı hazırlıq danışıqları aparmağa hazırdır, Ukrayna tərəfi bu ideyanı dəstəkləyib.
APA xəbər verir ki, bunu “Tages-Anzeiger” qəzetinə müsahibəsində İsveçrə prezidenti Karin Keller-Sutter deyib.
“Mən Davos Forumunda görüş zamanı prezident Zelenskini əmin etdim ki, biz hazırlıq danışıqları aparmağa hazırıq. O razılaşdı” - İsveçrə prezidenti deyib.
Onun sözlərinə görə, Ukrayna üzrə yeni konfransın keçirilməsi planları barədə qərar verməzdən əvvəl Bern amerikalıların planını bilməlidir:
“Bunlar sülh danışıqlarında əsas amildir və ABŞ-ın yeni administrasiyasının hara getmək istədiyi hələ bəlli deyil. Bundan əlavə, Rusiya da danışıqlar masasında olmalı və qlobal Cənub ölkələri də iştirak etməlidir”.
Prezident qeyd edib ki, Bern Moskva ilə əlaqə saxlayır. "İndi məlumatlar yayılır ki, Donald Tramp yaxın gələcəkdə Vladimir Putinlə görüşmək istəyir. Bundan sonra bəlkə vəziyyəti daha yaxşı başa düşəcəyik", - o əlavə edib.