AZ

Azərbaycanın U-19 millisinin baş məşqçisi: “Növbəti rəqiblərimiz indiki komandalardan çox güclüdür”

Növbəti rəqiblərimiz indiki komandalardan çox güclüdür.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsində qarşılaşcaqları rəqiblərlə bağlı təəssüratlarını bölüşərkən deyib.

Mütəxəssis Xorvatiyada keçiriləcək növbəti mərhələdə görüşlərin çox çətin olacağını vurğulayıb:

“Azərbaycan xalqını təbrik edirəm. Rəqiblər çox güclü olmasalar da, ilkin mərhələni keçdik və bu sevindirici haldır. Neçə vaxt idi bu sevinci yaşamırdıq. Əlbəttə, növbəti rəqiblərimiz indki komandalardan çox güclüdür. Komandamızın güclənməsi üçün oyunçular tapmağa çalışacağıq. Çətin olacaq. Əlbəttə, heyətdə dəyişiklik gözlənilir, inkişaf etmək lazımdır”.

İ.Aslanov rəqibləri dəyərləndirib:

“Əvvəlki nəticələrə baxsaq, Bosniya və Herseqovina çox səviyyəlidir. Səhv etmirəmsə, daha əvvəl bu rəqibə 1:4 hesabı ilə uduzmuşduq. Mənə elə gəlir, Xorvatiya millisi bu rəqibdən də güclüdür. Türkiyə haqqında dəqiq informasiyam olmasa da, bilirəm ki, bu mərhələdə zəif komanda yoxdur. Komandamızın üzvləri yarışda ilk dəfədir iştirak edirlər və çox təcrübəsizdirlər. Ona görə də həyəcanlı idilər. Yəqin ki, rəhbərliklə görüşüb qarşıdakı mərhələ ilə bağlı ətraflı plan cızacağıq”.

Qeyd edək ki, Avropa çempionatının ilkin mərhələsində qrupda 4 xal toplayan U-19 əsas mərhələyə vəsiqə qazanıb. Bu mərhələnin görüşləri martın 25-30-u aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina, həmçinin Türkiyədən olan həmyaşıdları ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Seçilən
8
9
report.az

10Mənbələr