"Bizi ağır səfər və oyun gözləyir".
İdmab.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli deyib.
33 yaşlı qolkiper Xorvatiyaya qarşı keçirəcəkləri Avropa çempionatının əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb: "Qarşıdakı günlər bizim üçün çox çətin keçəcək. Rəqib meydançasında oynayacağıq. Xorvatiya təcrübəli kollektivdir. Hər zaman bu yığmaya qarşı çıxış etmək çətin olub. Hətta heyətimizin daha təcrübəli və güclü olduğu dönəmdə də bunu hiss etmişik".
Təcrübəli oyunçu hazırkı heyətdə gənc futzalçıların da yer aldığını söyləyib: "Səfərdə mübarizə aparacağıq və bu səbəbdən meydan sahibləri favoritdir. Əlimizdən gələni etməyə və onlardan xal qoparmağa çalışacağıq. Dörd gün sonra isə Bakıda Yunanıstanla görüşəcəyik. Bizə tanış millidir. Son vaxtlar daha tez-tez üz-üzə gəlirik. Qələbələrimiz olub. Bu dəfə bir az fərqlidir. Heyətimiz gəncdir, yerli futzalçılardan ibarətdir. Yunanıstan yığması və çempionatı da inkişaf edib. Əvvəlki səviyyədə deyil, artım var. Doğma meydanda çıxış etmək üstünlüyümüzdür. Var gücümüzü qoyacağıq, qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, yanvarın 31-də Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək.
İdmab.biz