Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İtaliyanın baş naziri Corciya Meloni ilə görüşüb.
Hurriyyet.az xəbər verir ki, məlumatı Səudiyyə rəsmi xəbər agentliyi yayıb.
Məlumatda qeyd olunur ki, “Vəliəhd Şahzadə və İtaliyanın Baş naziri ikitərəfli əlaqələri nəzərdən keçirib, müxtəlif sahələrdə onları dəstəkləmək və gücləndirmək yollarını araşdırıb, qarşılıqlı maraq doğuran regional və beynəlxalq hadisələri müzakirə ediblər".
"Reuters"in yaydığı məlumata görə, Meloni bildirib ki, İtaliya iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi çərçivəsində Səudiyyə Ərəbistanı ilə təxminən 10 milyard dollar dəyərində əməkdaşlıq və sənaye sazişləri imzalayıb: "Əməkdaşlığımızda böyük potensial var və mən arzu edirəm ki, bu səfər tərəfdaşlığımızda tamamilə yeni mərhələ açsın. Bu gün imzaladığımız birgə bəyannamədə məhz bu nəzərdə tutulub. Bu onu göstərir ki, ölkələrimiz öz üfüqlərini genişləndirə və bir çox yeni imkanları birlikdə kəşf edə bilərlər”.
Onun sözlərinə görə, İtaliya və Səudiyyə Ərəbistanı "səfər zamanı hökumət səviyyəsində çoxsaylı sazişlər, habelə dövlət və özəl təşkilatlar tərəfindən anlaşma memorandumları" imzalayıb.
O, infrastruktur, enerji, müdafiə, idman, əyləncə və turizmi iki ölkə arasında əməkdaşlığın “daha güclü, daha təsirli və daha dərin” ola biləcəyi sahələr sadalayıb.
İtaliya baş nazirinin ofisindən verilən açıqlamada qeyd olunur ki, Meloni və vəliəhd şahzadə ilə görüş zamanı həmçinin "Ukraynada ədalətli və davamlı sülh", Qəzzada atəşkəsin möhkəmləndirilməsi, Suriyada yenidənqurma səylərinə dəstək və Livana yardım məsələləri müzakirə edilib.
Musavat.com