AZ

Musa Qurbanlı: "Ölkədə futbolçu kasadlığı var"

style='margin-bottom:10px;'>

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının 20-ci turunun "Turan Tovuz"a qarşı matçından (1:2) sonra görüşlə bağlı fikirlərini bildirib.

QOL.az saytı xəbər verir ki, o, media nümayəndələrinin matçla bağlı suallarını cavablandırıb.

- “Turan Tovuz”la oyunda uzun müddət hesabda öndə olsanız da, sonda ardıcıl iki qol buraxmaqla meydanı xalsız tərk etdiniz. Məğlubiyyətə nə səbəb oldu?

- “Turan Tovuz” ağır komandadır. Xüsusilə də oyun tərzləri bizim üçün bir qədər narahatdır. Bu mövsüm onlara qalib gələ bilməmişik. Çox istəyirdik ki, bu dəfə onları məğlub edək. Təəssüf ki, son dəqiqələrdə buraxdığımız qollarla uduzduq. Yenə də standart vəziyyətdən qapımızda qol gördük. Məncə, ümumilikdə yaxşı oyun keçirdik. Sadəcə sondakı diqqətsizlik məğlubiyyətə gətirib çıxardı.

- Son dəqiqədə buraxılan qollar komandada psixoloji gərginlik yaratmayacaq?

- Təbii ki, yaxşı hal deyil. Lakin futbolda belə hallar olur. İlk dəfə deyil ki, başımıza belə hadisə gəlir. Belə hadisələr çox olub. Həmişə də bu cür vəziyyətlərdən çıxmağı bacarmışıq. İnanıram ki, komanda şəklində bu vəziyyətdən çıxacağıq.

- Standart vəziyyətlərdən buraxılan qolları nə ilə əlaqələndirmək olar?

- Biz dərk edirik ki, bu baxımdan çatışmazlığımız var. Ümumiyyətlə, bizdə bu problem həmişə olub. Məşqlərdə bunun üzərində işləyirik. Oyunların analizləri zamanı məşqçilərimiz da səhvlərimizi göstərirlər, izah edirlər. Bilmirəm, şanssızlıq deyim, ya diqqətsizlik, lakin bu cür hal yanaşırsa, deməli, üzərində işləməliyik.

- Növbəti turda “Zirə” ilə matçda uğursuzluğa son qoymaq mümkün olacaq?

- Əlbəttə, çalışacağıq ki, qələbə qazanaq. “Zirə” yaxşı komandadır. Çox güclü heyətləri var. Ağır oyun olacaq. Maksimum dərəcədə hazırlaşacağıq ki, 3 xal qazanaq.

- Son günlər əsas müzakirə mövzusu Premyer Liqamızda legioner limitinin ləğv olunub-olunmayacağıdır. Millinin aparıcı futbolçu kimi siz bu barədə hansı fikirdəsiniz?

- Mənim dediyim fikir bu qərara təsir göstərməyəcək. Lakin şəxsi fikrimi soruşursunuzsa, düşünmürəm ki, bu, Azərbaycan futbolu, millimiz üçün yaxşı qərardır. Onsuz da görürsünüz ki, ölkədə futbolçu kasadlığı var. İstənilən mövqedə futbolçumuz çatışmır. Ölkə xaricində də oyunçumuz çox azdır. Ümumiyyətlə, azərbaycanlı oyunçular üçün Avropada gedib möhkəmlənmək asan deyil. Çempionatımızın səviyyəsi elə də yüksək deyil ki, burdan gedib başqa yerdə rahat oynaya biləsən. Komanda sayı da azdır. Çempionatımızda 15-20 komanda olsa idi, deyərdik hə, limit ləğv olunsa da, klublarda yerli uşaqlar oynayacaq.

- Qeyd etdiniz ki, azərbaycanlı futbolçular Avropada möhkəmlənə bilmirlər. Siz özünüz də İsveçdə uzun müddət qalmadınız. Avropada möhkəmlənməyə nə mane olur?

- Mən İsveçdə çox gənc vaxtımda getdim. “Qarabağ”da oynamağa təzə-təzə başlamışdım. Bir uğurlu mövsüm keçirən kimi heç də zəif olmayan, Avropada seçilən çempionatlardan olan İsveç liqasına yollandım. Açıq deyim ki, Avropada möhkəmlənmək üçün təcrübə çatmır. Xaricə yollanan futbolçuya vaxt lazım olur. O vaxtı isə səni tanımırlar. Dərhal nəticə tələb olunur. Çempionatımızın səviyyəsi yüksək olsa, burada qazandığımız təcrübə bəs edər. Lakin təəssüf ki, elə deyil. Avropada oynamaq üçün yuxarı tempdə, yüksək sürətli, çoxlu gərgin oyunlar keçirməliyik.

Seçilən
25
50
teleqraf.com

10Mənbələr