AZ

"Rəqiblərimiz daha aqressiv oynamağa başlayıb" - Kapitan

“Oyuna rəqibi dəqiq analiz edərək hazırlaşmışdıq. Görüşdən sonra Samir Abasovun haqqımda yaxşı sözlər deməsi mənə xoş oldu”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Araz-Naxçıvan”ın və Azərbaycan milli komandasının futbolçusu Urfan Abbasov Azərbaycan Premyer Liqasının XX turunda doğma meydanda “Neftçi”ni 2:1 hesabla məğlub etdikləri matç barədə danışarkən deyib.

33 yaşlı müdafiəçi 3 oyunluq qələbəsizlik seriyasının “ağ-qaralar” üzərində qırılmasını belə şərh edib: “XIX turda “Zirə”yə məğlubiyyətdən sonra bilirdik ki, bu oyunda yalnız qələbə qazanmalıyıq. Matç istədiyimiz kimi alındı. Qələbə üçün sevinirik. Turnir cədvəlində nə qədər yaxşı mövqedə olsaq, bizim üçün bir o qədər yaxşıdır. Hər oyun da bunun üçün çalışacağıq. Bilirik ki, asan olmayacaq”.

Abbasov mövsümün sonunda avrokuboklara vəsiqə ilə yanaşı, mükafatçılar sırasında da yer almaq niyyətində olduqlarını qeyd edib: “Oyundan-oyuna daha da yaxşılaşacağımıza inanırıq. Bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Görürük ki, rəqiblərimiz bizə qarşı daha aqressiv oynamağa başlayıb. Biz də bundan nəticə çıxarıb daha yaxşı hazırlaşmalıyıq. Əsas rəqiblərimizlə aradakı xal fərqi elə də böyük deyil. Amma əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Elmar Baxşıyevin baş məşqçi olduğu komanda xallarını 42-yə yüksəldərək lider “Qarabağ”la aradakı fərqi 8-ə endirib.


Müəllif: Röyanə Oğuz
Seçilən
15
50
teleqraf.com

10Mənbələr