AZ

Tehranın Bakı ilə bağlı gizli niyyəti: Əliyevin mesajından sonra iki gözlənilməz qərar 

Son zamanlarda İranla Azərbaycan arasında gərginliyin azaldığı, münasibətlərin nisbətən normallaşdığı müşahidə olunsa da, Tehran Bakıya qarşı ənənəvi mövqeyindən geri çəkilmir.

Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində çıxarılan ölüm hökmünün təsdiqlənməsi, o cümlədən, iki ilə yaxındır bu ölkədə həbsdə saxlanılan azərbaycanlı gənc Fərid Səfərlinin azadlığa buraxılması müsbət addımlar kimi dəyərləndirildi. Həmçinin bu fonda Azərbaycan Respublikası Baş nazirinin köməkçisi Şahin Mustafayevin Tehrana səfəri də diqqət çəkdi.

Lakin paralel olaraq İranda Bakıya qarşı səsləndirilən fikirlər, mətbuatda yayılan məlumatlar gərginliyin azalması prosesinə zərbə vurur. Yanvarın 25-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılması və ona yerli mətbuatda anti-Azərbaycan kampaniyasının davam etdirilməsi səbəbindən etirazın bildirilməsi də buna misaldır.

Beləliklə, Tehran-Bakı münasibətlərindəki son vəziyyət nə yerdədir?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycan-İran münasibətləri qarşı tərəfin xoşniyyət anlayışından bixəbər olması səbəbindən hər zaman gərginlik və normallaşma prosesi arasında dəyişkən mövqeyə sahibdir:

“Bu da ciddi şəkildə təəssüf doğurur. Tehran İkinci Qarabağ müharibəsinə qədər məkrli niyyətlərini gizləyərək görüntü etibarilə “dost dövlət” obrazı formalaşdırmağa çalışsa da, tarixi zəfərimiz nəticəsində oların əsl niyyətlərinin aqressiv ritorika ilə ifadə edilməsinə başlanıldı. İrandakı səfirliyimizə qarşı həyata keçirilən terror hücumu bu prosesin kuliminasiya nöqtəsi olaraq dəyərləndirilə bilər.

Ümumiyyətlə, 44 günlük müharibədən bu yana ötən beş il ərzində İranın ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində atdığımız hər bir addımı hədəf alaraq işğalçı Ermənistanı himayə etmək cəhdləri aydın şəkildə müşahidə olunur. Təbii ki, Azərbaycanın mövqeyi də belə məqamlarda sərt və qəti şəkildə ifadə edilir. Baxmayaraq ki, rəsmi Bakının xarici siyasət prioritetləri bütün dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi və münaqişələrdən yayınmaq prinsiplərinə əsaslanıb, amma milli maraqlarımız və təhlükəsizliyimiz hədəf alındığı məqamda da aydın, konkret və qətiyyətli mövqeyimiz hər kəsə münasibətdə dəyişməz olaraq qalır. Ona görə də, İran ilə olan münasibətlərimiz kifayət qədər həssas bir dönəmdən keçir deyə bilərik. Bu məsələdə qarşı tərəfin etimadını bərpa etməsi üçün ciddi addımlar atması mütləqdir. Amma təəssüf ki, gözləntilərin tamamilə əksinə olaraq rəsmi Tehranın anti-Azərbaycan çıxışlar edən media qurumlarını dəstəklədiyini görürük”.

Politoloq bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə xüsusi diqqət ayıraraq önəmli mesajlar verdi:

“Bu mesajlardan sonra bir sıra müsbət addımlar atılsa da, hadisələrin ümumi inkişaf xronikasına nəzər yetirdikdə İranın Azərbaycana qarşı məkrli niyyətlərindən tamamilə imtina etmədiyini izləmək mümkündür. Nəticə etibarilə, Tehran Bakının yaratdığı yeni reallıqlarla barışmaq istəmir, onun yüksələn güc olaraq yeni dünya nizamının önəmli aktorlarından birinə çevrilməsindən “narahatdır”. Bu aqressiv ritorikanın arxasında dayanan əsas səbəb də məhz sözügedən “narahatlıqdır”.

İranın və ya hər hansı bir dövlətin “narahatlığı” reallığı dəyişmək iqtidarında deyil. Tehranın ənənəvi ritorikasını əks etdirən qeyri-konstruktiv mövqeyi ikitərəfli münasibətlərə zərbə vurmaqdan başqa heç bir təsir gücünə malik deyil”.


Seçilən
5
50
referans.az

10Mənbələr