Əli Orucov: "Tehran rejimi həmişə müstəqil Azərbaycana təhlükə kimi yanaşdığından öz düşmən mövqeyini göstərib, bundan sonra da göstərəcək"
Son zamanlar İranla Azərbaycan arasında rəsmi səviyyədə atılan addımlara baxanda belə güman edilirdi ki, bu, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq. Ötən ilin may ayında hələ işğal dönəmində İran İslam Respublikasının (Azərbaycandan parlament səviyyəsində icazəsinin alınmasından sonra) tikintisinə başladığı dəryaça və SES-in açılış mərasimi baş tutdu.
Baxmayaraq ki, bu səfərdən qayıdarkən İran prezidenti İbrahim Rəisi helikopter qazasında həlak oldu, amma bu açılış və görüş İran üçün böyük əhəmiyyətə malik idi. Bu yaxınlarda isə Tehranda “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclası keçirildi. Bu tədbir də daha çox İran hökumətinin maraqlarına uyğun idi.
Bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyət nümayəndələrini təhqir edən Ərdəbil iman-cüməsi Seyid Həsən Ameli təhqirlərə görə üzr istəmək əvəzinə, digər imam-cümələr də onu dəstəkləyən bəyanatlar verməkdə, təhqirləri davam etdirməkdədirlər.
Digər tərəfdən, Azərbaycanın İrandakı səfirini iranlı tələbə qızların deportasiya edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə cağırıblar və etiraz bildiriblər. Bununla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan da Bakıda Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.
Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
İran nə etmək istəyir - Azərbaycanla münasibətləri inkişaf etdirmək, yoxsa bu münasibətləri yenidən korlanaq fikrindədir? Doğrudanmı hökumət daxilində bu iki ölkəni yaxınlaşmağa qoymayan çox ciddi siyasi qüvvələr var?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, İran-Azərbaycan münasibətləri, Bakının təşəbbüslərinə və cəhdlərinə baxmayaraq, heç vaxt dost və mehriban qonşuluq müstəvisində olmayıb: "Tehran rejimi həmişə müstəqil Azərbaycana təhlükə kimi yanaşdığından öz düşmən mövqeyini göstərib, bundan sonra da göstərəcək. Son dövrlər Bakı ilə Tehran arasında yaranmış gərginliklərin səbəbkarı yenə də İrandır. Ermənilərlə əməkdaşlıq, İrəvana hər cür dəstəyin göstərilməsi, səfirliyimizin silahlı basqına məruz qalması, davamlı və sistemli həyata keçirilən mənəvi-psixoloji terror İran rejiminin əsl mahiyyətini aydın şəkildə ortaya qoyur. Bir tərəfdən əməkdaşlıq haqqında Azərbaycanla sənəd imzalayır, digər tərəfdən həmin sənədin mürəkkəbi qurumamış təxribata əl atır, pozuculuq fəaliyyətini genişləndirir. Mollaları dövriyəyə buraxaraq iki dövlət arasında qızışdırıcı fəaliyyət göstərir.
Mən hesab edirəm, bütün bu düşmənçiliyin və təfriqənin başında məhz ali dini lider dayanır. Belə qənaətə ona görə gəlirəm ki, Azərbaycan və Türkiyəyə dil uzadan, hər iki dövlətin rəhbərliyini təhqir edən Ərdəbilin baş mollasını tənbeh etmək, vəzifəsindən uzaqlaşdırmaq əvəzinə, digər mollalar da onun müdafiəsinə səfərbər edilib. Demək bu məkrli plan bir mərkəzdən idarə olunur.
Son qısa müddət ərzində diplomatların müvafiq ölkələrin xarici işlər nazirliklərinə çağırılması İranla Azərbaycan arasında münasibətlərin gərginliyinin, Tehranın aqressiyasının artmasının təzahürü kimi qiymətləndirilməlidir. Fikrimcə, fars molla rejiminin Azərbaycana yönəlik siyasətinin qarşısını məhz orda yaşayan 50 milyonluq soydaşlarımız almalıdır. Tehrana sərt etirazlarını bildirməklə onlara öz yerlərini göstərməlidir. Cənublu qardaşlarımız imkan verməməlidir ki, 60 milyonluq dünya azərbaycanlılarının yeganə müstəqil dövlətinə qarşı şeytan yuvası şər və qarayaxma kampaniyası aparsın, düşmənçilik etsin. Güneyli soydaşlarımızın nəbzi necə cənublu qardaşlarımızla birgə vurursa, güneyli soydaşlarımız da fars molla rejiminin böhtan və şər aparatını durdurmağa birgə səy göstərməlidir".
Dəniz NƏSİRLİ