AZ

Trampın həmləsi: ərazilərimizlə bağlı tarixi şans – Bakı hərəkətə keçəcək?

ABŞ Prezidenti Donald Trampın Panama kanalı, Qrenlandiya və Kanadaya ərazi iddiası irəli sürməsi geniş müzakirə edilir. Bəzi ekspertlərin fikrincə, bu iddialar təmin edilsə, beynəlxalq münasibətlərdə ciddi dəyişikliklər ola bilər.

Trampın bu iddiaları Azərbaycana hansı imkanları yaradır? Rəsmi Bakı, son 200 ildə Rusiya, İran və Ermənistan tərəfindən işğal edilən tarixi torpaqlarının qaytarılmasını gündəmə gətirə bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Trampın Qrenlandiya, Panama və Kanada ilə bağlı fikirləri, ərazi iddiasından daha çox, geosiyasi və geoiqtisadi amillərlə bağlıdır:

“Məsələ burasındadır ki, Qrenlandiyada müasir elektron sistemlər üçün lazım olan qiymətli və nadir minerallar, o cümlədən uran, nəhəng neft və təbii qaz ehtiyatları var. Qrenlandiya iqlim dəyişikliyi, resurs qıtlığı, gərgin geosiyasət və yeni ticarət nümunələrinin birləşdiyi yerdir.

Dünyanın ən böyük adası hazırda qismən iqlim dəyişikliyinə görə bir çox cəhətdən geosiyasi və geoiqtisadi rəqabətin mərkəzindədir.

Qeyd edim ki, Qrenlandiyadakı nadir mineralların əhəmiyyətli hissəsi hazırda ilk növbədə Çinə verilir və təbii ki, bu, Çinə iqtisadi müharibə açan Trampı qane edə bilməz.

Qrenlandiyanın böyük hissəsi ABŞ, Rusiya və Avropa arasında Arktika Dairəsi üzərində yerləşdiyi üçün bu, ABŞ-ın uzun illərdən bəri can atdığı “geosiyasi mükafat”dır. Arktikanın gəmiçilik və ticarət üçün getdikcə daha açıq olması ilə onun dəyəri artır.

Panama kanalı isə XX əsrin əvvəllərində ABŞ tərəfindən Panamanın Kolumbiyadan ayrılaraq müstəqil dövlətə çevrilməsi məqsədilə qazılıb”.

Elcin

Elçin Mirzəbəyli

Deputat deyib ki, əslində, həmin ərazidə ABŞ-ın de-fakto anklavı yaradılıb:

“Müstəqilliyini elan etdikdən cəmi 15 gün sonra Panamanın ABŞ-a kanalı inşa etmək və həmişəlik istismar etmək hüququnu verməsi də bunu sübut edir. ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin dönəmində Panamada baş verənlər və Amerika əleyhinə etirazlarda 20 gəncin ABŞ polisi tərəfindən qətlə yetirilməsi məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasına səbəb olub. BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü ABŞ-ın işğala son qoyması barədə qərarın lehinə səs veriblər və Karter bu tələbi yerinə yetirmək məcburiyyətində qalıb. Amma niyyətin nədən ibarət olmasından asılı olmayaraq, Panama kanalı ABŞ tərəfindən inşa edilib və Trampın qənaətinə görə hazırda kanal əsasən Çinə məxsus yüklərin daşınmasında istifadə olunduğu üçün nəzarətə götürülməlidir.

Trampın Kanadaya nəzarəti ələ keçirmək iddiası Ottava ilə ticarət danışıqları ərəfəsində təsir rıçaqları qazanmaq üçün təzyiq vasitəsi kimi qəbul oluna bilər. Düşünürəm ki, Trampın əsas məqsədi Çinin iqtisadi təsir rıçaqlarını sıradan çıxarmaq və iqtisadi inkişafını əngəlləməkdən ibarətdir. Çox güman ki, idxal olunan, xüsusilə də Çindən gətirilən məhsullara 25%-lik əlavə rüsum tələbi Vaşinqton tərəfindən əksər müttəfiqləri qarşısında qoyulacaq. Bütün bunları ümumiləşdirsək, Trampın ərazi iddialarını hibrid iqtisadi müharibənin informasiya müstəvisindəki anonsu kimi də qiymətləndirmək olar”.

E.Mirzəbəyli qeyd edib ki, dünyada sərhədlərin dəyişməsi sivilizasiyanı məhvə apara bilər:

“Azərbaycanın tarixi əraziləri ilə bağlı məsələyə gəldikdə isə dünyada yaşayan bütün azərbaycanlıların və bütövlükdə türklərin mənəvi-mədəni birliyinin qatı tərəfdarı olsam da, müasir dövrdə sərhədlərin dəyişdirilməsi perspektivini sivilizasiyanı məhvə apara biləcək bir yanaşma kimi qiymətləndirirəm. Azərbaycan dövlətlərin ərazi bütövlüklərinin qorunmasının, sərhədlərinin toxunulmazlığının təmin edilməsinin vacibliyini, bu gün hər kəsdən daha çox dəstəkləyir və dövlətimizin bu mövqeyi, ilk növbədə qlobal məsuliyyətin dərk edilməsindən qaynaqlanır”.

Seçilən
15
50
bakuinfo.net

10Mənbələr