Trampın yenidən hakimiyyətə gəlməsi dünya siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
Bununla bağlı News365.az-a Millət Vəkili Elman Nəsirov danışıb.
"Hazırda bütün dünya Trampın mümkün dönüşünü müzakirə edir. Bəzi ekspertlər hətta bunu qlobal miqyasda mühüm hadisə kimi dəyərləndirirlər. Elə bir ölkə və xalq yoxdur ki, bu prosesin nəticələrini izləməsin və onun dünya siyasətinə təsiri barədə düşünməsin.
Trampın seçkiqabağı platformasını diqqətlə izlədik. O, açıq şəkildə bəyan etmişdi ki, miqrasiya siyasətini sərtləşdirəcək. Plana əsasən, 20 milyon miqrantın ölkədən çıxarılması nəzərdə tutulur və bu proses artıq başlanılıb.
Digər mühüm məsələ isə Qrenlandiya ilə bağlıdır. Bildiyiniz kimi, Qrenlandiya 800 ildən artıqdır ki, Danimarkaya məxsusdur. Trampın mövqeyinə görə, Qrenlandiya tarixi baxımdan ABŞ-ın bir hissəsidir və ərazi bütövlüyü baxımından bu məsələ yenidən nəzərdən keçirilməlidir. Hətta Trampın Danimarka rəhbərliyi ilə bu barədə telefon danışığı da olmuşdu. Məsələnin nə vaxt reallaşacağı zamanın məsələsidir.
Millət Vəkili həmçinin bildirir ki, Panama kanalı ilə bağlı vəziyyət də diqqət çəkir:
Panama hökumətinin bu məsələyə münasibətindən asılı olmayaraq, kanalın ABŞ-ın nəzarətinə keçməsi mümkün görünür. Qrenlandiya və Panama məsələləri ilə bağlı qərarların verilməsi sadəcə zaman məsələsidir.
Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi isə fərqli bir məsələdir. Bunun real olacağına inanmıram. Əgər ABŞ Kanadanı hərbi və ya siyasi təzyiqlərlə özünə birləşdirsə, qlobal düzən ciddi şəkildə pozular. Bu, böyük bir presedent yarada bilər və digər güc dövlətləri qonşularına qarşı oxşar addımlar ata bilərlər.
Lakin ABŞ-ın Kanada ilə iqtisadi maraqlarını nəzərə alaraq müəyyən güzəştlərə nail olacağı ehtimalı var. Bu, daha real görünür."