AZ

Nazir: Suriyaya Türkiyə ilə birgə dəstək verilməsi regional əməkdaşlığımızın komponentinə çevrilib - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak və çıxış edib.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Qeyd olunub ki, görüşdə, həmçinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib. Nazirlər, gündəlikdə duran mövzular, o cümlədən xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişaf etdirilməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxışlar səsləndiriblər.

Nazir Ceyhun Bayramov çıxışında ölkələrimiz arasında mövcud üçtərəfli formatın qorunub saxlanılması və inkişaf etdirilməsinin hazırkı parçalanmaqda olan beynəlxalq münasibətlər sistemində nümunəvi xarakter daşıması ilə yanaşı, o cümlədən digər regional əməkdaşlıq formatlarını tamamlamaq, əməkdaşlıq potensialından istifadəni maksimallaşdırmaq, ortaq təhdidlərə qarşı birgə cavab tədbirlərinin görülməsi baxımından əhəmiyyətini qeyd edib.

Ölkələrimizin yerləşdikləri Xəzər, Qara və Aralıq dənizləri regionlarını birləşdirən bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən “Rəqəmsal İpək Yolu” və “yaşıl enerji ixracı” kimi təşəbbüslərin üçtərəfli əməkdaşlığımızın əhəmiyyətini artırdığı qeyd olunub.

Azərbaycan-Türkiyə-Özbəkistan arasında bir sıra regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstək və ortaq mövqedən çıxış edilməsi təcrübəsinin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz habelə sədrliyimiz zamanı fəaliyyətimizə, habelə irəli sürülən regional və qlobal təşəbbüslərə verilən dəstəyə görə təşəkkür edilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyimizin də gündəliyinə uyğun olan bağlantılar, rəqəmsallaşma, dayanıqlı inkişaf, nəqliyyat, təhsil sahələri üzrə prioritetlərin irəlilədilməsinin o cümlədən üçtərəfli əməkdaşlıq gündəliyimiz ilə üst-üstə düşdüyü qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərimizdən təcrid olunmuş torpaqlarımızda nəqliyyat-infrastruktur quruculuğunun, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın göstərdiyi dəstək təqdir olunub.

Geniş anlamda regional sülh, təhlükəsizlik və inkişafın təmininin ortaq baxışımızın əsasını təşkil etdiyi, bu istiqamətdə Əfqanıstana yönələn sosial-iqtisadi dəstək təşəbbüslərinin, Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafının diqqət mərkəzində olduğu qeyd edilib. Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində əldə olunan atəşkəsin və ona riayət olunmasının əhəmiyyəti, İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə “iki dövlət prinsipi”əsasında həllini tapmasının vacibliyi diqqətə çatdırılıb. O cümlədən, Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilməsi səylərinə qardaş Türkiyə ilə birgə dəstək verilməsinin regional əməkdaşlığımızın daha bir komponentinə çevrildiyi qeyd olunub.

Daha sonra görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb.

Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi qeyd olunub.

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.

Ankara Bəyannaməsi, eyni zamanda Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib.

Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi qeyd olunub.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuata bəyanatlarla çıxış ediblər.

***

13:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşündə çıxış edib.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Nazir çıxışında Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayıb, tərəfdaşlığın əsas istiqamətlərini, o cümlədən təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya sahələrini vurğulayıb.

Ceyhun Bayramov həmçinin əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanları, xüsusilə də Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı ilə bağlı əlavə imkanları qeyd edib.

Seçilən
4
17
apa.az

10Mənbələr